Fevralın 25-də LN incəsənət mərkəzində Dövlət Rəsm Qalereyası və T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının təşkilatçılığı ilə “Xocalı uşaqların gözü ilə” mövzusunda yeniyetmə rəssamların əsərlərinin sərgisi keçirildi.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, Uşaq-Gənclər Yaradıcılıq Sarayının müəllimləri iştirak edirdi.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə çıxış edən Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov Xocalı hadisəsini tariximizin faciəli səhifəsi, eyni zamanda vətənpərvərlik, qəhrəmanlıq rəmzi kimi qiymətləndirdi: “Xocalı sakinləri bütün çətinliklərə baxmayaraq, son anadək öz yurd-yuvalarını tərk etmədilər, yüzlərlə insan şəhid oldu. İllər keçsə də, xalqımız bu günü daim xatırlayacaq, unutmayacaq. Bugünkü sərginin əhəmiyyəti ondadır ki, gənclər və yeniyetmələr bu faciəyə öz baxışlarını, münasibətlərini çəkdikləri rəsmlərlə bildirirlər. Xocalı hadisəsi baş verəndə bu uşaqlar heç dünyaya gəlməmişdilər, əksəriyyəti isə aşağı sinif şagirdləridir, hələ məktəbdə tarix dərsi də keçməyiblər. Amma onlar sərgiyə bu cür dəyərli rəsmlər təqdim ediblər. Sözsüz ki, bu rəsmlər onların Xocalı haqqında eşitdikləri, oxuduqları məlumatlar əsasında yaranıb”.
Qeyd olundu ki, Xocalı soyqırımını tanıtmaq, bu tarixi gerçəyi dünyaya çatdırmaq hər birimizin vətəndaşlıq borcumuzdur. Bu işdə incəsənət sahəsində çalışanların da üzərinə məsuliyyət düşür. Belə rəsm sərgilərinin mühüm cəhəti ondadır ki, bu əsərlər uzun illər qalır, daim yaşayır. Bu rəsmlər Azərbaycanın tarixidir. İnanırıq ki, bu uşaqların içərisindən gələcəyin böyük rəssamları çıxacaq və onlar bu günü mütləq xatırlayacaqlar.
Elnur Hüseynov sərgidə iştiraklarına görə, T.İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq Sarayının rəsm dərnəyinin üzvlərinə təşəkkürünü bildirdi. Qeyd etdi ki, sərgidə LN incəsənət mərkəzinin və yaradıcılıq sarayı şagirdlərinin 40-dan artıq rəsmi nümayiş olunur.
Mədəniyyət və Turizm Nazirliyi Dövlət əhəmiyyətli tədbirlərin təşkili və yaradıcı gənclərlə iş sektorunun məsləhətçisi Sənan Əhmədov Xocalı faciəsinin bütün bəşəriyyətə, insanlığa qarşı amansız cinayət olduğunu, qan yaddaşımıza həkk olunmuş bu tarixin nəsildən-nəslə çatdırılmasının vacibliyini vurğuladı.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış oldular. Sərgi üç gün davam edəcək.

L.Azəri