Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun təşəbbüsü və xüsusi dəstəyi, IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyi, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Müasir İncəsənət Muzeyi və “Qız qalası” İncəsənət Qalereyasının birgə təşkilatçılığı ilə paytaxtımızda ənənəvi “Qız qalası” beynəlxalq incəsənət festivalı keçirilib.

Mayın 9-da İçərişəhərdəki Kiçik Karvansarada festivalın başa çatması münasibətilə mərasim təşkil olunub. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.
Ənənəvi olaraq ümummilli liderimiz Heydər Əliyevin doğum günü ərəfəsində keçirilən festivalın əsas məqsədi dünyanın müxtəlif yerlərindən gələn rəssamlar vasitəsilə Azərbaycan mədəniyyəti və incəsənətinin tanıdılması, eləcə də Bakının rəmzi olan, UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş Qız qalasının təbliğinə töhfə verməkdir. Festivalda 26 ölkədən 28 tanınmış rəssam iştirak edib.
Rəssamlar Qız qalasının maketlərini öz milli üslublarında bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini və mübadiləsini əks etdirən nümunələr yaradıblar.
Təşkilatçılar bu festival vasitəsilə diqqəti həm də ətraf mühitin mühafizəsi məsələsinə yönəldirlər. Nəsli kəsilməkdə olan “Qafqaz beşliyi”nin simvolu kimi seçilmiş ceyran maketləri hazırlanaraq rəssamlar tərəfindən xüsusi rəsm üslubu və dekorasiya ilə bəzədilib.
Festivalda sərgilənən işlərlə yaxından tanış olan Leyla Əliyevaya məlumat verilib ki, hər il iştirakçı rəssamların müxtəlif ölkələri təmsil etməsi festivalın coğrafiyasını genişləndirərək mədəniyyətlərarası dialoqa töhfə verir.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev çıxış edərək bu mühüm layihəyə göstərdiyi diqqətə görə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirib. Vurğulanıb ki, 2010-cu ildə başlanan, üç il ardıcıl olaraq Azərbaycanın paytaxtında, bir dəfə isə Fransanın Kann şəhərində keçirilən “Qız qalası” incəsənət festivalı bu dəfə yenidən Bakıda gerçəkləşib. Ötən illər ərzində festivalda müxtəlif ölkələrdən 70-dən çox rəssam iştirak edib.
Layihənin konsepsiyası hər il yeni tematik komponentin əlavə edilməsi sayəsində genişlənir. Builki festival çərçivəsində dünyada küçə incəsənətinin (street art) ən populyar növlərindən biri olan 3D rəsmlər təqdim edilib.
Festivalın əlaqələndiricisi Emin Məmmədov bildirib ki, artıq beş yaşı tamam olan beynəlxalq layihə ilk addımdan diqqəti cəlb edib və qısa zamanda dünyanın məşhur rəssamlarını ətrafına toplayıb. Burada orijinal sənət əsərlərinə çevrilən Qız qalası və ceyran maketləri əvvəlcə Bakı sakinləri və şəhərimizin qonaqları üçün İçərişəhərdə, daha sonra isə müxtəlif ölkələrdə sərgilənir, Vətənimizi, onun tarixini və mədəniyyətini təmsil edir.
Misirli rəssam Mohamed Abouelnaqa ilk dəfə Bakıda olmasından məmnunluğunu ifadə edib. Qonaq vurğulayıb ki, mədəniyyət sərhəd tanımır və o, irqindən, dinindən asılı olmayaraq, hər bir kəsi həmrəyliyə, sülhə səsləyir: “Bu sərgidə iştirak etməklə həm Azərbaycanı kəşf etdik, həm də özümüzə yeni dostlar qazandıq. İnanıram ki, bu festival ənənəvi olaraq keçiriləcək və hər dəfə öz yenilikləri ilə insanları heyrətləndirəcək”.
Qeyd edək ki, paytaxtımızın sakinləri və qonaqları festival çərçivəsində hazırlanmış əl işləri ilə yayın sonunadək tanış ola biləcəklər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar