![](/img/news/700x420/13874.jpg)
Muzeyə təqdim olunmuş ən birinci hədiyyə 1944-cü ilə aiddir və Təbriz azərbaycanlılarının sovet Azərbaycanına hədiyyəsidir. Eksponatlar sırasında Avropa, Asiya, Afrika, Cənubi və Şimali Amerika, Avstraliyadan hədiyyələr yer alıb. Sərgidə ən şimal ölkə Norveçdən, ən cənub ölkə Argentina və Braziliyaya qədər, ən soyuq bölgə Rusiyanın Tümen vilayətindən, ən isti ölkə Seneqala qədər, ən yaxın ölkə Gürcüstandan, ən uzaq Yaponiya və Kanadaya qədər olan xalqların hədiyyələrini görmək mümkündür. Burada siyasi xarakterli hədiyyələrlə bərabər, idman, mədəniyyətlə bağlı hədiyyələr də var.
Ekspozisiyada alban, bolqar, Çex, Qana, monqol, özbək, rumın, türkmən milli geyimləri, əfqan, Belarus, rumın, İran, Mali, Misir, Moldova, kabardin-balkar, tacik, türkmən xalçaları sərgilənir. Nadir hədiyyələr arasında rus, qazax, Kuba, Hindistan, Çin, Seneqal, özbək musiqi alətləri də yer alıb. Ümumiyyətlə, Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında xarici ölkələrin 800-dən artıq eksponatı qorunur.