Elxan Zal: «Gözə soxulan istedadın düşməni çox olar»
   
   Artıq 2009-cu ili başa vurmaqdayıq. Obrazlı desək, «cücələri saymaq» vaxtıdır. Biz də ədəbiyyat adamları ilə eyni suallar üzərində hazırladığımız kiçik müsahibələrdə yekunlaşmaqda olan ədəbi ilə nəzər salacaq, uğurları və çətinlikləri saf-çürük etməyə çalışacağıq. “İl sonu” rubrikasında ilk qonağımız şair Elxan Zaldır.
   
   - Günümüzün ədəbiyyatında şeirin yeri haradadır? Və Siz öz yaradıcılığınızı hansı bucaqda görürsünüz?
   

   - Şeir həmişə ədəbiyyatın mühüm bir hissəsi olub və bu gün də öz yerindədir. Nə qədər ki insan var, onun dəyişkən ovqatı var, poeziya da var olacaq. Çünki şeir insanın əhvalı, duyğuları ilə bağlıdır. Yaxşı şeiri əvvəllər də oxuyublar, indi də oxuyurlar. Əlbəttə, indi qabaqlar olduğu kimi böyük oxucu kütləsi yoxdur. Amma mənəvi tələbatı olan adam, ona lazım olanı tapıb oxuyacaq. Son illərdə yaranan poeziya istər məzmun, istərsə də forma etibarı ilə Azərbaycan oxucusu üçün yenidir, buna görə də onun tərəfindən çətin qəbul edilir. Amma çağdaş insanın estetik zövqü, dünyagörüşü dəyişdikcə, poeziyaya baxışı da dəyişəcək. Əsas məsələ yaxşı yazmaqdır, yaşadığın zamanı poetik şəkildə əks etdirməyi bacarmaqdır, onda oxucu öz-özünə tapılacaq. Mən də öz yaradıcılığımda bunlara əməl etməyə çalışıram. Yaradıcılığımın yeri və mahiyyəti barədə mətbuatda bilgilərinə və zövqlərinə hörmətlə yanaşdığım adamlar tərəfindən kifayət qədər yazılar yazılıb, onların fikirlərinə elə bir əlavəm yoxdur.
   
   - Müasir poeziyamızda səthilik daha çox hiss edilmirmi?
   

   - İndi şeir yazanlar çoxdur. Deyərdim, bu, kütləvi hal alıb. Bu kütləviliyin içində yaxşı-pisi ayırmaq üçün xeyli vaxt lazımdır. Amma zaman keçəcək, yağ yağ yerində olacaq, ayran ayran yerində. Yazanların hamısı istedadlı ola bilməz, amma gözəl əsərlər yaradan istedadlı və peşəkar şairlərimiz də az deyil. Onların yaradıcılığında səthilik ola bilməz, onlar bugünkü ədəbiyyatımızı yaradanlardır. Bu istedadlı şairlərə səthi münasibət var, onları kütləviliyin içində itirməyə çalışırlar. Yəni ədəbiyyata səthi münasibət var, səthi ədəbiyyat yoxdur.
   
   - Poema bir janr kimi ortada yoxdur. Sizcə, səbəbi nədir?
   

   - Mən elə düşünmürəm. Əgər Nizaminin nəzmlə yazılmış romanları tipli əsərlər nəzərdə tutulursa, indi belə əsərlərə tələbat yoxdur. İndi romanlar nəsrlə yazılır. İndiki poemalar həcmcə o qədər də böyük olmur. Ədəbi dərgilərdə kifayət qədər yeni poemalar dərc edilir. Son dövrlərdə Zəlimxan Yaqubun bir neçə yeni poemasını oxumuşam. Səlim Babullaoğlunun “Doqquzuncu hissə” poeması uğurlu ədəbiyyat nümunəsidir. Mənim bir neçə kiçik poemam dərc olunub. “Polonez” poeması oxucular tərəfindən rəğbətlə qarşılanıb və deyim ki, ən çox oxunan əsərlərimdəndir. Əsəd Cahangir şairliyə poemadan başlayıb və mən bilən, artıq üç poema dərc etdirib. Bunlar indi mənin yadıma düşənlərdir, bu sıranı xeylı artırmaq olar.
   
   - Bu gün ədəbiyyatımız üçün pozan, yoxsa qələm daha vacibdir?
   

   - Pozulası şeylər özləri silinib gedəcək. Qələm lazımdır, yeni əsərlər yazmağa. Ədəbiyyat hər şeydən öncə millətin dilinin qoruyucusudur. Bugünkü gənclik iki-üç dildə oxuya bilir, ingilis və rus kimi böyük dillərdə olan əsərlərin onlara ciddi təsiri var. Gərək bizim dilimizdə elə əsərlər yaransın ki, gənclik bu dilin gözəlliyini duysun, onu sevə bilsin. Biz kiçik dövlətik və hazırkı qloballaşma dövründə böyük dövlətlərin dil və mədəniyyət təzyiqi altındayıq. Gənclik Qərb mədəniyyətinə heyranlığı yaşayır. Azərbaycan ədəbiyyatının bu basqıya alternativi, Azərbaycan dilində yaranan yaxşı əsərləri geniş təbliğ etməkdir, istedadlı adamları küncə qısnamaq yox.
   
   - Həyatınızda ədəbiyyatdan daha əvvəl nə var?
   

   - Ailəm, qohumlarım, dostlarım, xalqım var. Biz öncə insanıq, sonra ədəbiyyatçı. Məncə, ədəbiyyat həyat tərzi yox, sənətdir. Bu sənət həyat gerçəkliklərini, insanların yaşantılarını əks etdirir. Ədəbiyyat olmasa da, dünya var olacaqdı, sadəcə, ədəbiyyat onu bir az gözəlləşdirir.
   
   - Şair olaraq gələcək hədəfləriniz...
   

   - İstənilən şairin, yazıçının hədəfi yaxşı əsər yazmaq, onun oxunması və qiymətləndirilməsinə nail olmaqdır. İstedad nə qədər cəzalandırılsa da, istedadla yazılmış əsər özünə yol açacaq. Ötən il iki sistemli və fərqli şeir kitabı nəşr etdirmişəm. Növbəti kitabımın forma və məzmun baxımından onlardan fərqli olmasına çalışıram. Yaxın hədəfim ingilis, rus və polyak dillərinə çevrilmiş şeirlərimi kitab şəklində nəşr etdirməkdir.
   
   - Ədəbi gəncliyə əsas tövsiyəniz...
   

   - İstedadlarını gözə soxmağa çalışmasınlar, onda düşmənləri çox olacaq.
   
   Sabutay