Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti "Üzeyir Hacıbəyov" bədii-sənədli filminin istehsalına başlayıb. Film professional Azərbaycan musiqisinin banisi, görkəmli bəstəkar, musiqişünas, dramaturq, jurnalist, pedaqoq və ictimai xadim olan, Üzeyir Hacıbəyovun həyat və yaradıcılığına həsr olunur.
   
   Bəstəkarın opera və operettalarından, musiqi əsərlərindən geniş istifadə olunacaq filmin çəkilişləri görkəmli sənətkarın 125 illik yubileyi ərəfəsində başa çatdırılacaq və tamaşaçılara təqdim olunacaq. Filmin ssenari müəllifi Sərdar Fərəcov, quruluşçu rejissoru Tahirə Hüseynova, quruluşçu operatoru Zahid Bağırovdur.
   Bundan başqa, muğam və bəstəkar mahnılarının mahir ifaçısı Qulu Əsgərova, görkəmli Azərbaycan şairi Rəsul Rzaya, SSRİ və Azərbaycanın Xalq rəssamı Toğrul Nərimanbəyova, görkəmli ədəbiyyatşünas Həmid Araslıya həsr olunan "Qulu Əsgərov", "Rəsul Rza", "Toğrul Nərimanbəyov", "Həmid Araslı" sənədli filmləri də istehsal prosesindədir. Çəkilişləri Bakıda və Salyanda aparılan "Qulu Əsgərov" filminin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru Nigar Əliyeva, operatoru Mətləb Yaqubovdur.