“Azərbaycan mədəniyyət evi” böyük maraqla qarşılanıb

İstanbuldakı Topqapı Sarayında “Topqapı türk dünyası mədəniyyəti məhəlləsi” adlı sərgi açılıb. İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən təşkil olunan sərgidə Orxon-Yenisey abidələrinin orijinal ölçülərinə uyğun hazırlanan maketləri nümayiş olunur. Orijinallarda olduğu kimi, tısbağa fiqurunun üzərinə qoyulan qədim kitabələr türk dili, tarixi, ədəbiyyatı, incəsənəti ilə bağlı mühüm məlumatları əks etdirir.
Sərgi Krımdan Çinədək olan böyük coğrafiyanın zəngin tarixi-mədəni irsini təqdim edir. Burada türk dünyasına xas geyimlər, zərgərlik məmulatları, məişət əşyaları, musiqi alətləri, silahlar nümayiş olunur. Sərginin ən maraqlı bölmələri isə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr, Tatarıstan və Başqırdıstanı təmsil edən “mədəniyyət evləri”dir. Maketlər yerli və əcnəbi turistlərin böyük marağına səbəb olub.
Sərgidəki “Azərbaycan mədəniyyət evi”ndə milli musiqi alətlərimiz tar, kamança, balaban, saz, xalça, zərgərlik, metalişləmə sənəti nümunələri, Qız qalasının maketi və s. yer alıb.