Uşaq və gənclər arasında rəsm müsabiqəsinə yekun vurulub
Yanvarın 22-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda uşaq və gənclər arasında “Xalqların sülh hüququ” rəsm müsabiqəsinin yekun sərgisi və qaliblərin təltifolunma mərasimi keçirilib.
Beynəlxalq Sülh Gününə (21 sentyabr) həsr olunmuş müsabiqə ötən il Prezident yanında Dövlət İdarəçilik Akademiyasının UNESCO Mərkəzi tərəfindən UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Mədəniyyət və Turizm Nazirliyi, “Em Art” rəsm studiyası, Rəssamlar İttifaqı, “ASAN Könüllüləri” Gənclər Təşkilatının birgə dəstəyi ilə keçirilmişdi.
Tədbirdə çıxış edən Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov dünyada sülhün vacibliyini vurğulayaraq rəsm əsərlərində uşaqların sülh düşüncələrini əks etdirdiyini söyləyib və onlara uğurlar arzulayıb.
UNESCO üzrə Azərbaycan Milli Komissiyasının baş katibi Günay Əfəndiyeva layihəni yüksək qiymətləndirib. O, ötən ilin dekabrında Bakıda TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə milli komissiya və komitələrinin beşinci iclasının keçirildiyini vurğulayaraq bu əsərlərin həmin tədbir çərçivəsində sərgiləndiyini və qonaqların rəsmlərlə tanış olduğunu bildirib.
Bu il UNESCO-nun 70 illiyinin qeyd olunacağını diqqətə çatdıran G.Əfəndiyeva bu münasibətlə Azərbaycanda da tədbirlər keçiriləcəyini deyib. Vurğulanıb ki, təqdim olunan rəsm sərgisi bu qəbildən ilk tədbirdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev belə layihələri həmişə dəstəkləməyə hazır olduqlarını bildirib.
Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov 6-18 yaş arası iştirakçıların qatıldığı müsabiqəyə gözəl əsərlərin təqdim edildiyini diqqətə çatdırıb.
DİA-nın UNESCO Mərkəzinin rəhbəri Cahangir Hacıyev layihə barədə məlumat verərək deyib ki, müsabiqə 3 yaş qrupu (6-9, 10-14 və 15-18) üzrə keçirilib. Layihənin təşəbbüskarı “ASAN Könüllüləri” Gənclər Təşkilatının üzvü olan Etibar Qurbanovdur.
Sonra hər yaş kateqoriyasından birinci, ikinci və üçüncü yerlərin qaliblərinə diplom və xatirə hədiyyələri təqdim olunub. Müsabiqənin bütün iştirakçılarına sertifikatlar verilib.
Sonra tədbir iştirakçıları rəsmlərlə tanış olublar. Sərgidə 151 əsər nümayiş etdirilib.
Müsabiqəyə təqdim olunan rəsmlərdən 57-si layihənin kataloquna daxil edilib.