Sumqayıtda Gənclər Gününə həsr olunmuş sərgi
Fevralın 2-də Sumqayıt Dövlət Rəsm Qalereyasında Gənclər Gününə həsr olunmuş “Gənclər şəhərinin palitrası” adlı sərgi açıldı.
Azərbaycan Dövlət Rəsm Qalereyası, Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsi, şəhər Gənclər və İdman Baş İdarəsi və Sumqayıt Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə keçirilən sərginin məqsədi gənc nəslin incəsənətə marağının artırılması, onların yaradıcılığının tanıdılmasıdır.
Tədbiri giriş sözü ilə açan Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Rəşidova sərginin əhəmiyyətindən danışdı, rəhbərlik etdiyi müəssisənin hər zaman yaradıcı gənclərə dəstək verdiyini bildirdi.
Mədəniyyət və Turizm Nazirliyi Dekorativ və tətbiqi sənət sektorunun müdiri Qalib Qasımov dövlətin gənc nəslə göstərdiyi diqqət və qayğıdan söz açdı: “Bizim gənclər həqiqətən böyük istedada malikdir. Onlar idmanda, mədəniyyətdə və digər sahələrdə ölkəmizə layiqincə xidmət edirlər. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Gənclər Gününün geniş şəkildə qeyd olunması dövlətimiz tərəfindən gənclərə göstərilən böyük diqqət və qayğıdan xəbər verir”.
Sektor müdiri qeyd etdi ki, nazirlik tərəfindən qəbul olunmuş “Gənc rəssamlarla iş konsepsiyası”na uyğun olaraq istedadlı gənc fırça sahiblərinin üzə çıxarılması, onların əsərlərinin nümayişi və ictimaiyyətə təqdim edilməsi üçün müxtəlif layihələr həyata keçirilir.
Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov istedadlı gənclərin yaradıcılıq imkanlarının genişləndirilməsi üçün bu cür sərgilərin böyük əhəmiyyəti olduğunu vurğuladı: “Bu gün ölkəmizdə gənclərin incəsənətin bütün sahələrində sərbəst işləməsi, yeni əsərlər yaratması üçün geniş imkanlar yaradılıb. Hər il gənc rəssamların əsərlərindən ibarət sərgilər təşkil olunur. Sumqayıtda gerçəkləşən bu sərgidə də kifayət qədər maraqlı əsərlər nümayiş olunur”.
Çıxışlardan sonra sərgidə əsərləri yer alan gənc rəssamlardan Nigar Novruzova, Rauf Rəfiyev, Orxan Əhmədov, Nigar Qurbanova, İntiqam Cəfərov, Şahnaz Rzayeva, Firuzə Rzazadə, Kənan Şıxbabalı, Pərviz Mahmudov, Şaiq Rzayev və başqalarına Azərbaycan Dövlət Rəsm Qalereyasının diplom və hədiyyələri təqdim olundu.
Sərgidə müxtəlif texnikalarda işlənmiş ümumilikdə 45 rəsm əsəri nümayiş olunur. Onlardan 39-u rəngkarlıq, 5-i qrafika, 1-i heykəltəraşlıq işidir. Əsərlər arasında Azərbaycanın mədəniyyəti, tarixi, milli bayramları və mətbəxindən bəhs edən nümunələr üstünlük təşkil edir. Sərgi fevralın 10-dək davam edəcək.
Fariz Hüseynov