Azərbaycanın dilbər guşəsi Qarabağ, xüsusilə də Şuşa şəhəri musiqi mədəniyyətimizə böyük sənətkarlar bəxş edib. Qədim-qayım yurd yerimizdə doğulub boya-başa çatan xanəndələrin, bəstəkarların, instrumental ifaçıların şöhrəti ölkəmizin hüdudlarını aşaraq dünyaya yayılıb.

Azərbaycan musiqiçilərinin böyük bir nəslinin yetişməsində Şuşa Musiqi Məktəbinin (indiki Niyazi adına Şuşa Şəhər Uşaq İncəsənət Məktəbi) böyük rolu olub. Taleyinə didərginlik yazılan tədris ocağı hazırda paytaxtın Suraxanı rayonundakı Uşaq Yaradıcılıq Mərkəzində fəaliyyət göstərir. Məktəbin direktoru Mirkamil Ağamirov qəzetimizə müsahibəsində məktəbin tarixi və bugünkü fəaliyyətindən söz açdı.
- XIX əsrin ortalarında Şuşa Qafqazın böyük incəsənət mərkəzinə çevrilmişdi. İlk musiqi məktəbinin yaradılması da bu vaxtlara təsadüf edir. Tanınmış musiqişünas Xarrat Qulunun (1823-1883) Şuşada açdığı məktəbdə dövrün bir çox ustad ifaçıları yetişib. XX əsrdə şəhərdə yeni sənət ocaqları yaradılır. 1932-ci ildə görkəmli müğənni, SSRİ Xalq artisti Bülbülün təşəbbüsü ilə Şuşada Xurşudbanu Natəvanın evi olan binada musiqi məktəbi fəaliyyətə başlayır. Məktəbə təhsil müddəti 3 il olan 4 ixtisas üzrə: fortepiano, tar, kamança və elementar musiqi nəzəriyyəsi ixtisasları üzrə 50 uşaq qəbul olunur. Bakı və Gəncə şəhər musiqi texnikumlarından ixtisaslı kadrlar dəvət edilir. Azərbaycan Dövlət Konservatoriyası məktəbi hamiliyə götürür, müəyyən qədər vəsait ayrılır. 1984-cü ildə tədris ocağı Şuşa Şəhər İncəsənət Məktəbi adlandırıldı. Məktəbdə musiqi ixtisasları ilə yanaşı, rəssamlıq şöbəsi də fəaliyyətə başladı. Həmin ilin avqust ayında görkəmli dirijor, bəstəkar və musiqi xadimi Niyazi dünyasını dəyişdi. Sənətkarın adının əbədiləşdirilməsi məqsədilə məktəbə Niyazinin adı verildi.
- Məktəbin tanınmış pedaqoqları və məzunları haqda da məlumat verərdiniz...
- Bu vaxta kimi təhsil ocağına 15 nəfər rəhbərlik edib. Onlardan Həmzə Əliyev, İsi Abbasov, Əlpaşa Daşdəmirov, Əşrəf Abbasov, Xuduş İsmayılov, Qara Hacıyev və başqalarının adını çəkə bilərəm. Müəllimlərdən Zöhrə Axundova, Səidə Hacıyeva, Etibar Əliyev, Rövşən Bayramov və başqaları gənc musiqiçilərin yetişməsinə töhfələr verirlər. Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Şuşa Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi Eldar Əliyev, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, dosent Gülağa Zeynalov, Əməkdar incəsənət xadimi Rauf Əliyev, Əməkdar artist Anar Hüseynli, tarix elmləri üzrə fəlsəfə doktoru Pərvin Ahəngi, Əməkdar mədəniyyət işçisi Tamella Məmmədova və digərləri məktəbimizin tanınan məzunlarındandır. Uzun illər məktəbə rəhbərlik etmiş Oktay Allahverdiyev xatirələrində yazır: “1984-1992-ci illər məktəbin inkişaf dövrü oldu. Çünki məktəbə axın çox böyük idi. Şuşada elə bir ev olmazdı ki, o ailədən məktəbdə təhsil alan olmasın. Şagirdlər məktəbə böyük həvəslə gəlirdi. Səbəb məktəbdə istedadlı və bacarıqlı müəllim kadrların olması idi. Dərs bölgüsü zamanı çox böyük çətinliklərlə üzləşirdik... Bunun nəticəsi idi ki, məktəbimiz tez bir zamanda respublika üzrə keçirilən müsabiqə və festivallarda öz sözünü dedi. Uğurlu çıxışlar edərək layiqli yerlər tutdular...”
- Yetirmələrinizin müxtəlif müsabiqə və festivallarda iştirakı barədə nə deyərdiniz?
- Məktəbimizin rəssamlıq şöbəsinin şagirdi Anar Bayramlı 2012-2013 və 2013-2014-cü tədris ilində “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda respublika müsabiqəsində uğurla iştirak edərək birinci yerə layiq görülüb. Tar ixtisası üzrə IV sinif şagirdi Bəxtiyar Rəhimli 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin xalq çalğı alətləri üzrə keçirdiyi respublika müsabiqəsində fəxri fərmanla təltif olunub. Rəqs sinfinin şagirdi Raul Talıblı 2011-ci ildə Türkiyənin Bursa şəhərində, 2013-cü ildə yenə də Türkiyənin İzmir şəhərində keçirilən beynəlxalq rəqs festivalında qalib olub. Məktəbimizin şagirdləri bu ilin aprel-may aylarında Bakıda fortepiano, rəssamlıq və rəqs üzrə keçiriləcək respublika müsabiqələrinə də ciddi hazırlaşırlar.
* * *
Qocaman məktəb 80 illik ömrünün artıq 23-cü ilini Şuşadan kənarda keçirir. Buna baxmayaraq, kollektiv onilliklərin ənənəsini böyük ruh yüksəkliyi ilə yaşadır. Onlara öz uğurlu fəaliyyətlərini yaxın gələcəkdə doğma Şuşa şəhərində davam etdirməyi arzu edirik...

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar