YARAT təşkilatı 56-cı Venesiya Biennalesində qazax və azərbaycanlı rəssamların birgə işini təqdim edəcək

“Odla suyun birliyi” layihəsi qazax və azərbaycanlı rəssamlar Almagül Menlibayeva və Rəşad Ələkbərovun gözü ilə təqdim edilən Bakı ilə Venesiyanın tarixi və mədəni cəhətdən müqayisə edilməsidir. Sərgidə bu şəhərlərin görüntülərini ekrana gətirən videoçarxla birlikdə heykəl və instalyasiya vasitəsilə bu şəhərlərin qarşılıqlı əlaqəsi araşdırılır.
Layihə Venesiyada “Palazzo Barbaro” məkanında təqdim olunacaq. Bu tarixi bina vaxtilə orta əsrlərdə Venesiya taciri və diplomatı İosafat Barbaronun şəxsi mülkü olub. Bu şəxs XV əsrin sonlarında öz səyahət təəssüratlarını paylaşaraq, Azərbaycanın şəhərləri barədə çox yazıb, Ağqoyunlu hökmdarı Uzun Həsənin sarayını təsvir edib.
YARAT qeyri-kommersiya təşkilatının sifarişi ilə hazırlanmış və Suad Qarayevanın kuratorluğu ilə təşkil olunan bu ekspozisiya 56-cı “la Biennale di Venezia” beynəlxalq incəsənət sərgisində mayın 9-dan noyabrın 22-dək tamaşaçıların üzünə açıq olacaq.
Müasir incəsənət sahəsində yaradıcılıqla məşğul olan Almagül Menlibayeva müxtəlif texnikalarda çalışır, yaradıcılıq dəst-xətti rəngarəng sənət dünyasından, mədəniyyətlərdən keçən sözsüz dialoqlar üzərində qurulub.
Rəşad Ələkbərov beynəlxalq incəsənət aləminin diqqətində olan Azərbaycan rəssamlarından biridir. Onun qurduğu instalyasiyalar duyğusal qavrayışın pozulmasını araşdırır.
Ənənə, tarix, mədəniyyət və memarlıq mövzularını əhatə edən “Odla suyun birliyi” layihəsi ilk neft milyonçularından biri olan Murtuza Muxtarovun mülkündən - 1912-ci ildə Venesiya qotikası üslubunda Bakıda inşa edilmiş möhtəşəm memarlıq abidəsindən qaynaqlanıb. M.Muxtarov bu binanı həyat yoldaşı Liza Tuqanova üçün tikdirmişdi. Sovet işğalından sonra bu tikili dəfələrlə əldən-ələ keçib, başqa-başqa məqsədlər üçün istifadə olunub. Hazırda “Səadət sarayı” kimi tanınır.
Rəssamlar təqdim etdikləri şou çərçivəsində M.Muxtarovun sarayından bəhs edərək, onun timsalında birlik və münaqişə, eşq və zorakılıq, dialoq və təcavüz kimi geniş mövzuları araşdırırlar.
“Odla suyun birliyi” layihəsində Bakı və Venesiya memarlığında əsrlər boyu özünü büruzə verən mübadilə və ziddiyyətlərə müraciət etməklə titrəyişli mədəni birliklərin mürəkkəbliyi araşdırılır. Layihənin internet səhifəsi (www.bakuvenice2015.com) bu sənət əsərlərinin incəliklərini öyrənməyə, onun tarixçəsi barədə məlumat almağa imkan verir.
Təqdimatın özəl kataloqunun mətnləri yazıçı və tarixçi Fuad Axundov, kurator Françesko Bonami, incəsənət tarixi, eləcə də Şərq musiqisi və ədəbiyyatı mütəxəssisi Lalə Kazımova, “Guggenheim UBS Map” layihəsinin Yaxın Şərq üzrə kuratoru Sara Raza, “Tate Liverpool” qalereyasının baş kuratoru Kasya Redjiç və “The Art Newspaper” qəzetinin redaktor müavini Ermanno Rivetti kimi müəlliflər tərəfindən yazılıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar