Dünyanın ən nüfuzlu fotoqrafiya birliklərindən olan Böyük Britaniya Kral Fotoqrafiya Cəmiyyətinə (BBKFC) ilk azərbaycanlı üzv qəbul olunub. Bu, hazırda Moskvada yaşayan həmyerlimiz Rüfət Əliyevdir. Bu günlərdə doğma vətənə gələn Rüfətlə həmsöhbət olduq.

- Necə oldu ki, belə bir nüfuzlu quruma qəbul olundunuz?
- Əvvəlcə deyim ki, Böyük Britaniya Kral Fotoqrafiya Cəmiyyətinin əsası 1853-cü ildə fotoqraf Rocer Fenton tərəfindən qoyulub. Bu, dünyada ilk fotoqraflar cəmiyyətidir. Yarandığı gündən bəri cəmiyyətdə 80 min fotoqraf təmsil olunub. Mənim daxil olduğum vaxt isə 6 min fotoqraf üzv olmaq üçün öz fotolarını quruma göndərmişdi. Onların arasından 400 nəfər seçdilər. Bu fotoqraflardan 100 nəfər cəmiyyətin sərgisində iştirak edəcək. Mən bu nüfuzlu cəmiyyətin üzvü olmaq şərəfinə layiq görülmüş ilk azərbaycanlıyam. Böyük Britaniya Kral Fotoqrafiya Cəmiyyətinin rəhbərliyi mənim 2014-cü ildə Azərbaycanın müxtəlif yerlərində çəkdiyim fotoşəkilləri yüksək qiymətləndirdi. Layihəmin adı “Əlahəzrət...” idi. Buraya nənəmin şəkli, Qarabağ atının şəkli, bağ mənzərəsi və s. fotolar daxil idi. Ətrafımda heç kimə bir kəlmə də demədən fotoşəkilləri Uels şahzadəsinə göndərdim və tezliklə cavab aldım. Şahzadə fotoşəkillərə görə mənə təşəkkür edərək, xoş arzularını bildirdi. Cəmi 13 foto təqdim etmişdim. Hazırda həmin şəkillər BBKFC-nin Fenton Hausdakı kitabxanasına verilib. Bundan əlavə, “Əlahəzrət...” seriyasından olan işlərim dünya şöhrətli fotoqrafların BBKFC-nin beynəlxalq sərgisi üçün seçilmiş 100 ən yaxşı foto siyahısına daxil edilib.
- Dünyada bu qəbildən cəmiyyətlər çoxdur. BBKFC-nin onlardan fərqi nədir?
- Qurum dünyada böyük nüfuza malikdir. Böyük Britaniya Kral Fotoqrafiya Cəmiyyəti həm də foto elminin inkişafında, təbliğində böyük rol oynayır. Seminarlar keçirir, məktəblər açır, insanları foto sənətinə cəlb edirlər. Cəmiyyət fotoqraflara onu da aşılayır ki, fotoqraf təkcə şəkil çəkməklə kifayətlənməməlidir. O, çəkdiyi fotonu danışdırmalıdır. BBKFC-nin daxilində bir neçə qurum var: Elmi Fotoqraflar Cəmiyyəti, Tarixi Fotoqraflar Cəmiyyəti və s. Onların içərisində ən nüfuzlusu Tarixi Fotoqraflar Cəmiyyətidir. Çünki tarixi fotolar çəkmək o qədər də asan deyil. Bunun üçün ilk növbədə tarixi bilmək lazımdır. Bunu şəkildə ifadə etmək üçün psixologiya, fəlsəfə elmindən məlumatlı olmalısan.
- Siz cəmiyyətə tarixi fotolar təqdim etmişdiniz və bunlar da uğurla qarşılandı. Yəqin ki, yuxarıda saydığınız elmlərdən xəbərdarsız...
- Mən hər üç elm sahəsini bilirəm. Moskvada ali hüquq təhsili almışam. Demək olar, ailə üzvlərimin hamısı psixoloqdur. Nənəm, Roza Əliyeva deputat olub. Bizim ata-babalarımızın kökü Qarabağdan gəlir. Valideynlərimin babaları 1937-ci il repressiyasına məruz qalıblar. Demək istəyirəm ki, bizim ata-babalarımız tarixi yaşayıb və mən hazırda bu tarixi öyrənirəm. Bundan başqa, Moskvadakı Azərbaycan diasporunda gənclər bölməsinə rəhbərlik etmişəm. Deməli, mənim məlumatlarım, bilgilərim çox olub ki, bunu bacarmışam. Fotoqraflıq mənim üçün peşəkar hobbidir. Babalarımdan biri fotoqraf olub və mən də bu sənəti ondan öyrənmişəm. Bu peşə ilə 2013-cü ildən daha yaxından məşğul olmağa başladım. BBKFC-ə göndərmək üçün ilk çəkdiyim foto nənəmin rəsmi olub. Bu şəkil mənim “Cokonda”m oldu. Fotonun adını da “Xanım” qoyduq. Yarım il əvvəl onu heç kimə göstərmədən BBKFC-ə yolladım.
- Böyük Britaniya Kral Fotoqrafiya Cəmiyyətində ilk azərbaycanlı kimi təmsil olunursunuz. Bu qurumda Azərbaycanı tanıtmaq üçün nələr düşünürsünüz?
- Mən cəmiyyəti ölkəmizlə tanış etmək üçün üzv fotoqraflardan bir neçəsini Azərbaycana dəvət etmişəm. Onlar Bakını və regionlarımızı gəzmək, fotoşəkil çəkmək istəyirlər. Həmin fotoqrafları tariximizlə yaxından tanış etmək üçün Atəşgaha, Yanardağa, Şəkiyə, Xızıya, digər yerlərə aparacağam. Bakıda foto-məktəb açmağa hazırlaşıram. Mən tarixi çox sevirəm, şəkillərin dili ilə tarixi insanlara göstərmək istəyirəm. Bu üsulları da açacağım məktəbdə öyrətmək istəyirəm.

Lalə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar