«Salnamə” kinostudiyası müştərək layihələrinin sayını artırmaqdadır. İlin əvvəlində “Ümid yeri” filmini Almaniya ilə müştərək istehsal edən kinostudiya bu yaxınlarda Rusiya ilə birgə layihəyə yekun vurub. Hüseynbala Əliyevdən bəhs edən “Qafqaz qartalının uçuşu” sənədli filmi “Salnamə” və Sankt-Peterburqun “Lennauçfilm” kinostudiyaları tərəfindən hazırlanıb. Film həm də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Rusiyanın Mədəniyyət Nazirliyi ilə birgə layihəsi kimi maraq doğurur. Film iki variantda - Azərbaycan və rus dillərində olacaq.
   
   Filmin rejissoru Tahir Əliyevin sözlərinə görə, müştərək istehsalın üstünlükləri filmə iki dövlətin tamaşaçı auditoriyasını qazanmaq fürsəti verir: «Çəkiləcək filmin ideyası da hər iki tərəfin tamaşaçısının marağında olmalıdır. Xarici partnyorlarla əməkdaşlıq öz işinə kənardan baxmaq imkanı verir, təcrübə mübadiləsinə şərait yaradır və festivallarda iştirak etmək isə buna ilkin zəmindir».
   Tahir Əliyev bildirdi ki, 2009-cu ilin mayında Rusiyada “Qızıl Cəngavər” kinofestivalında “Təxəllüsü Mixaylo” filmi ilə iştirak edərkən jürinin sədri, “Lennauçfilm” kinostudiyasının bədii rəhbəri Valentina Qurkalenko ona müştərək iş təklif edib. Bundan sonra iki studiya arasında danışıqlar aparılıb və ilk film olaraq “Qafqaz qartalının uçuşu” ərsəyə gəlib.
   Filmdə təkcə texniki tərəfdən deyil, yaradıcı qrup da hər iki tərəfi təmsil edib. Yaradıcı heyətdən ssenarist (Valentina Qurkalenko), operatorlardan biri (Maksim Konovalçuk), montajçi (Valeriy İvanov), icraçı prodüsserlərdən biri (Anton Smirnov) və prodüsserlərdən biri (Vladimir Bajin) “Lennauçfilm” kinostudiyasının işçiləridir. Azərbaycan tərəfindən isə rejissor Tahir Əliyev, operatorlar Elxan Rüstəmov, Elşən Həsənoğlu, rəssam Əziz Məmmədov, bəstəkar Azad Vəliyev, redaktor Nadir Bədəlov, icraçı prodüsser Kamil Məmmədov və prodüsser Böyükağa Məmmədovdur.
   “Qafqaz qartalının uçuşu” sənədli filminin təqdimatı payızda həm Azərbaycanda, həm də Rusiyada baş tutacaq. Bundan sonra film Bakı və Sankt-Peterburqun telekanallarında yayımlanacaq.
   Qeyd edək ki, “Salnamə” kinostudiyası bundan sonra da “Lennauçfilm” kinostudiyası ilə birgə layihələri davam etdirmək fikrindədir. Məlumdur ki, Gürcüstan, Qazaxıstan və Qırğızıstan son vaxtlar dünyaya çıxış üçün müştərək filmlərin istehsalından bəhrələnib. Digər tərəfdən, müştərək layihələrlə həm filmin büdcəsini artırmaq, həm də qarşılıqlı mübadilə nəticəsində ortaya keyfiyyətli ekran işi çıxarmaq mümkün olur. 
   
   İntiqam Hacılı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar