Koreyada keçirilən beynəlxalq festivalda Azərbaycan incəsənət ustalarının çıxışı maraqla qarşılanıb

Xəbər verdiyimiz kimi, avqustun 21-də Koreya Respublikasının Qyonqsanbuk əyalətində Qyoncu İpək Yolu mədəniyyət festivalı işə başlayıb. Oktyabrın 18-dək davam edəcək beynəlxalq tədbir Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatının dəstəyi ilə Koreyanın qədim mədəniyyət mərkəzlərindən olan Qyonqcu şəhərindəki Dünya Mədəniyyət Parkında keçirilir. Qədim İpək Yolu üzərindəki ölkələr arasında tarixən mövcud olmuş mədəni əlaqələri günümüzdə yenidən qurmaq, inkişaf etdirmək, habelə mədəniyyət mübadiləsi ilə dünyada sülh prosesinə töhfə vermək məqsədi daşıyan festivalın zəngin proqramına konsertlər, sərgilər, təqdimatlar, tamaşalar daxildir. 30-dan çox ölkənin qatıldığı festivalda Azərbaycan da təmsil olunur.

Açılış mərasimində qonaqları salamlayan Koreya Respublikasının Baş naziri Hvanq Kyo-ahn bu cür tədbirlərin xalqları, ölkələri bir-birinə daha da yaxınlaşdırmaq baxımından əhəmiyyətini vurğulayıb. O ümidvar olduğunu bildirib ki, müxtəlif mədəniyyətləri, adət-ənənələri təmsil edən insanların mədəniyyət mübadiləsi xalqlar arasında yeni əməkdaşlıq imkanlarını ortaya çıxarmağa kömək edəcək.

Mərasim maraqlı konsert proqramı ilə davam edib. Festivalda ölkəmizi Azərbaycan Dövlət Rəqs və Qədim Musiqi Alətləri ansambllarının üzvləri, solistlər və saz ifaçılarından ibarət heyət təmsil edir. İncəsənət ustalarımız tədbirə Azərbaycan Mədəniyyəti Fondunun və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, ölkəmizin Seuldakı səfirliyinin dəstəyi ilə qatılıblar.

Açılış konsertinin maraqlı məqamlarından biri kombinasiyalı kompozisiyalar olub. Koreyalı və azərbaycanlı rəqqasların birgə çıxışları mərasimə toplaşanlarda böyük maraq doğurub. Birgə məşq üçün kifayət qədər vaxtın olmasa da, rəqqaslar Azərbaycan və Koreya rəqslərini yüksək səviyyədə ifa ediblər.

Festivalın proqramına daxil olan milli günlərdən birincisi Azərbaycana həsr olunub. Avqustun 22-də festival çərçivəsində “Azərbaycan günü” adlı konsert proqramı təşkil edilib.

Konsertin açılış mərasimində çıxış edən Qyonqcu şəhərinin meri Çoi Yanq-şik qədim İpək yolunun ortasında yerləşən Azərbaycanın Qərb və Şərqi birləşdirdiyini deyib. O, Azərbaycanın özünəməxsus zəngin mədəniyyətə malik ölkə olduğunu vurğulayaraq, tədbirin bu mədəniyyətlə yaxından tanış olmaq imkanı baxımından əhəmiyyətini vurğulayıb.

Azərbaycanın Koreya Respublikasındakı səfiri Rəmzi Teymurov xalqlarımız arasında qədim İpək yolu dövründə yaranmış əlaqələrin hazırda yeni formada inkişaf etdiyini bildirib, bu istiqamətdə mədəni əməkdaşlığın vacib rolundan bəhs edib.

Bakıdakı Şərq Təbabəti Klinikasının baş həkimi xanım Zərifə Quliyeva SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədri Ruhəngiz Heydərovanın təbrik məktubunu oxuyub.

Sonra səhnə incəsənət ustalarının ixtiyarına verilib. “Azərbaycan günü”ndə rəqqaslar, pianoçu və solistlər, saz ifaçıları koreyalı sənətsevərlər qarşısında milli musiqimizi təqdim ediblər.

Azərbaycan Dövlət Rəqs Ansamblının üzvlərinin ifasında “Cəngi”, “Nəlbəki”, “Qarabağ yallısı”, “İgidlər” xalq rəqsləri, Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Qızların rəqsi”, “Odlar yurdu” (Eldar Mansurov) və “Qobustan” (Cavanşir Quliyev) rəqsləri təqdim olunub.

Əməkdar artist Munis Şərifovun bədii rəhbərlik etdiyi Qədim Musiqi Alətləri Ansamblının müşayiəti ilə solistlər - əməkdar artistlər Teyyub Aslanov və Nuriyyə Hüseynovanın ifasında “Bana, bana gəl” (Cahangir Cahangirov), “Bəri bax” və “Yaylığım” xalq mahnıları və “Qarabağ şikəstəsi” səslənib.

Əməkdar artist Anar Hüseynli və Lətifə Soyuöz, Naibə Şahməmmədova (piano) Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Gülçöhrə və Əsgərin duetini, “Sarı gəlin” xalq mahnısını, “Xalq Heydər söyləyəcək” mahnısını ifa ediblər. Qəbələ rayonundan olan saz ifaçıları Nurəddin Xanlarov və Zeynəb Xanlarova koreyalı tamaşaçıları milli musiqimizin qədim janrlarından olan saz sənəti ilə tanış ediblər. “Azərbaycan günü” Müslüm Maqomayevin “Azərbaycan” mahnısı ilə sona çatıb. Konsert tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, incəsənət ustalarımız festival çərçivəsində bir həftə ərzində hər gün iki dəfə mədəniyyət proqramı ilə çıxış edəcəklər.

Tədbir çərçivəsində təşkil edilən “Böyük bazar” yarmarkasında iştirakçı ölkələr milli pavilyonlarını hazırlayıblar. Azərbaycan pavilyonunda milli suvenirlər, ölkəmizin və onun paytaxtının rəmzləri olan hədiyyələr, milli geyim nümunələri, musiqi alətləri, əl işləri, çay dəstləri, habelə ölkəmizdə istehsal olunan qida məhsulları, o cümlədən meyvə şirələri, müxtəlif içkilər, mürəbbələr, şirniyyatlar nümayiş olunur. Koreyalılar və festival iştirakçıları milli pavilyonumuza böyük maraq göstərirlər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar