Tanınmış azərbaycanlı fırça ustası, Rusiyanın Əməkdar rəssamı Əsgər Məmmədovun 70 illiyi münasibətilə Moskvada, Mərkəzi Rəssamlar Evində fərdi sərgisi açılıb.

Mərasimdə çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu rəssamın Azərbaycan ilə Rusiya arasında mədəni əlaqələrin inkişafında xidmətlərini xüsusi vurğulayıb, onun keşməkeşli sənət yolundan söz açıb.
Qeyd edib ki, Əsgər Məmmədov əslən Qarabağdandır. 1992-ci ildə Qarabağ müharibəsi dövründə erməni işğalçıları rəssamın qalereyasına od vurublar, orada sənətkarın 200 rəsmi məhv olub. Rəssam bu zərbədən sonra yenicə özünə gələn bir vaxtda tale ona ikinci zərbəni vurub. 2005-ci ilin mart ayında Moskva ətrafında, İzmaylovodakı “Russkoye podvorye” tarixi-memarlıq kompleksində Əsgər Məmmədovun sərgisi uğurla keçdi. Martın 26-da qalereyanın taxtadan tikilmiş binasına od düşdü və qalereya bir neçə dəqiqə ərzində yanıb məhv oldu.
Polad Bülbüloğlu sözünə davam edərək deyib: “Lakin Əsgər təslim olmadı. Bugünkü sərgi bir daha təsdiq edir ki, dözümlülük və qətiyyət, öz gücünə inam hissi rəssamın yaradıcı işini davam etdirməsinə imkan verir. Bugünkü sərgidəki rəsmlərin əksəriyyəti yeni əsərlərdir. Bu işlərin çoxunda doğma diyar, Qarabağ nisgili duyulur. Onun natürmortlarında Azərbaycanın brendləri - heyva və nar təsvirləri göz oxşayır. Rəssamın bənzərsizliyi ondadır ki, o, öz yaradıcılığı ilə milli dəyərləri beynəlmiləl dəyərlər səviyyəsinə çatdırır”.
Qeyd olunub ki, Əsgər Məmmədov kimi yaradıcı insanların sayəsində Azərbaycan və Rusiya xalqları, onların mədəniyyətləri ta qədimdən qaynayıb-qarışır. Diplomat səfirlik adından Əsgər Məmmədova təşəkkürnamə təqdim edib.
Rusiyanın Əməkdar rəssamı Viktor Buskinin fikrincə, Əsgər Məmmədovun əsərləri Azərbaycan ruhunu əks etdirir. Rusiyalı rəssam yubilyar haqqında deyib: “Əsgər Məmmədov bütün janrlarda eyni dərəcədə uğurla işləyir - istər peyzaj janrı olsun, istər portret, natürmort, süjetli rəsmlər və ya qrafika. Onun öz dəst-xətti və yetkin koloriti var”.
Ümumrusiya Azərbaycanlılar Konqresi prezidentinin köməkçisi Manaf Ağayev, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru Abuzər Bağırov, publisist Sultan Mərzili və başqaları sənətkarı təbrik ediblər.
Əsgər Məmmədov ona ünvanlanmış təbriklərə və yaradıcılığını daim dəstəklədiklərinə görə təşəkkürünü bildirib.
Sərgidə Əsgər Məmmədovun onlarla işi, o cümlədən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın portreti, Qarabağ, Bakı mənzərələri, Azərbaycanın dağları və kəndləri mövzusunda, Moskva ətrafında çəkilmiş peyzajlar nümayiş etdirilir. “Dağ yolu”, “Sevginin rəngi”, “Sevgi işığı”, “Qoca çayçı”, “Məscid”, “Cigitin mahnısı”, “Qarabağda axşamçağı”, “Şam və nar”, “Qarabağ dağları”, “Dağdağan çiçəyi” rəsmləri xüsusi qeyd edilməyə layiqdir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar