XIX əsrin sonuna doğru Bakıda neft istehsalının sürətlə artması xaricdən çoxsaylı sərmayədarların buraya axışmasına təkan vermiş, şəhər böyük sənaye və maliyyə mərkəzinə çevrilmişdi. Şəhər iqtisadiyyatının sürətli inkişafı, neft bumu dünyanın müxtəlif yerlərindən ayrı-ayrı sənət sahiblərini də buraya çəkib gətirirdi.
   
   1915-ci ildə Pirone qardaşları Bakıda “Filma” Səhmdar Cəmiyyətini yaratdılar. 1915-1916-cı illərdə həmin cəmiyyət bir neçə bədii film, o cümlədən neft sahibkarlarının köməkliyi ilə “Neft və milyonlar səltənitində” sosial kinodramını istehsal etdi. İkiseriyalı bədii filmin 1-ci seriyası 1916-cı il mayın 14-də, 2-ci seriyası isə mayın 27-də ekranlara buraxılmışdı.
   Film yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında ekranlaşdırılmışdı. Ekran əsərinin senarisini A.D.Panova-Potyomkina yazmış, B.Svetlov ona quruluş vermişdi. Rollarda yerli və gəlmə aktyorlardan H.Ərəblinski (Lütfəli bəy), V.Lenin (Cəmil), K.Piontkovskaya (Şəfiqə), R.Lazareva, Y.Muromski, Y.Orlitskaya, M.Əlili, C.Qaryağdıoğlu, Q.Pirimov, Mədətov və başqaları çəkilmişlər.
   Film ilk dəfə H.Z.Tağıyevin pasajında “Fransız elektrobioqrafı”nda (indiki Bakı Universal Mağazası) göstərilmişdi. Filmin pavilyon epizodları (“Kazino”, “Kazinoda qumar”, “Cəlilin toyu” və s.) Tiflisdə, təbiət səhnələri Bakı və Bakı ətrafında - Balaxanı, Binəqədi, Zığ və dəniz kənarında çəkilmişdi. Binəqədidəki mədəndə baş verən yanğın da filmə daxil edilmişdi.
   Kinorejissor M.Əlili xatirələrində yazır: “1915-ci il idi. Bir gün dostum Cəfər Cabbarlı mənə dedi: “Məmməd ağa, artist Murad Muradov mənə deyib ki, Peterburqdan kino çəkmək üçün Bakıya bir dəstə gələcək. Elə də oldu. Bakıda rejissor Boris Svetlov olmaqla kino çəkən dəstə artist M.Muradovun məsləhəti ilə istedadlı tragik Hüseyn Ərəblinskini baş rolda çəkilməyə dəvət etdi. Filmin adı “Neft və milyonlar səltənətində” idi.
   Cəfər mənə dedi ki, kinonun mənzərə hissələri Bakı şəhərində, neft mədənləri isə Balaxanı kəndində çəkiləcək. Sən Balaxanıda oxumusan, o yerləri yaxşı bilirsən. Onlara çox köməyin dəyə bilər. Əminəm ki, onlar sizin də mollaxanaya gələcəklər. Çalış səni də filmə çəksinlər.
   Bir neçə gündən sonra artist M.Muradov filmin rejissoru B.Svetlovla bizim mollaxanaya gəldilər. Sınaq çəkilişləri üçün beş nəfər uşaq seçdilər. Artıq yaşım ötdüyü üçün Cəlilin uşaqlıq roluna yaramadım. Amma kütləvi səhnədə çəkildim. Maraqlısı odur ki, filmin çəkilişinin axırına kimi mən bir növ qeyri-rəsmi rejissor köməkçisi işlədim.
   Murad Muradovun, xüsusilə Cəfərin filmi çəkən dəstəyə çox köməyi olurdu. Filmin inandırıcı səhnələrindən biri Bayıl tərəfdə çəkilmişdi. C.Cabbarlının məsləhəti ilə yuxarı məhəllənin arvad-uşaqlarını xalça-palaz yumaq üçün Bayıla gətirtdirirdim. O vaxtlar hələ Bakıya çəkilən Şollar suyu gəlmədiyindən əhali quyulardan istifadə edirdi və bu suyu səhənglərdə evlərə daşıyırdılar. Bu səhnələr filmdə çox inandırıcı çıxmışdı. Filmi çox qısa müddətə-dörd aya çəkib başa vurdular”.
   Filmdəki yazılar iki dildə - Azərbaycan və rus dillərində yazılmışdı. Neft Bakısının XX əsrin əvvəllərindəki həyatı, Bakı müsəlman milyonçularının məişəti, bir parça çörək üçün neft mədənlərində ən çətin şəraitdə işləyib yaşayan fəhlələrin ağır güzəranı ekranda canlandırılmışdı.
   Filmdə baş verən bütün əhvalatlar əsərin qəhrəmanı Cəlilin taleyi fonunda cərəyan edir. Təsadüf nəticəsində yoxsul və kimsəziz Cəlilin varlı bir neft sahibkarına çevrilməsi, Lütfəli kimi pozğun və qəddar neft milyonçusu ilə dostluq etməsi onu nəinki müflisləşdirir, hətta məhv edir. Burjua cəmiyyətinin ali təbəqəsinə qədər yüksələn kasıb balasının burada özünə yer tapa bilməməsi və buna mənən hazır olmaması onun faciəsi ilə nəticələnir.
   Məşhur tarzən Q.Pirimov da filmdə çəkilmişdi. O, sənətşünas N.Sadıxovla söhbətində bu barədə danışarkən demişdi: «Filmin “Toy” və “Kazinoda şənlik” epizodlarında xanəndə Cabbar ilə mən də çəkilmişdim. Mən çalırdım, Cabbar oxuyurdu. H.Ərəblinskinin oynaması mənim çox xoşuma gəlirdi. Lütfəli bəyin par-par parıldayan faytondan düşməsi indiki kimi yadımdadır. Onun iti baxışları elə bil gözümün qabağındadır. Lütfəli bəyin obrazı Ərəblinskiyə çox yaraşırdı».
   Qeyd edək ki, filmin bukleti M.F.Axundov adına Milli Kitabxananın nadir nüsxələr şöbəsində saxlanılır. Bukletdə filmin məzmunu Azərbaycan və rus dillərində yazılıb, filmdən fotoşəkillər çap olunub.
   “Neft və milyonlar səltənətində” povestinin motivləri əsasında çəkilmiş filmin ikinci variantı 1980-ci ildə “Qızıl uçurum” adı ilə yenidən ekranlarda nümayiş etdirildi. Bu melodramın quruluşçu rejissoru Fikrət Əliyevdir. Filmdə Cəlil rolunda Ə.Qədirov, Lütfəli bəy rolunda isə H.Xanızadə çəkiliblər. 1983-cü ildə Leninqradda XIV Ümumittifaq kinofestivalında rejissor Fikrət Əliyevə uğurlu debütə görə mükafat verilmişdi.
   
   Aydın Kazımzadə






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar