YARAT Müasir İncəsənət Mərkəzi qrup sərgisini təqdim edib
YARAT Müasir İncəsənət Mərkəzi sentyabrın 23-də “Ürək tənha ovçudur” (“The Heart is a Lonely Hunter”) adlı qrup sərgisini təqdim edib. Son dövrdə yaradılmış yeni əsərləri bir araya gətirən sərgidə şəbəkə şəklində yerləşən vücud və rəmzi obrazların tamaşaçı “mənliyi”ni necə dəyişdiyinin yollarını araşdıran əsərlər nümayiş etdirilir.
Sərgiyə YARAT Müasir İncəsənət Mərkəzinin baş kuratoru Suad Qarayeva və Nyu-Yorkda yerləşən “New Museum”un nəzdində fəaliyyət göstərən “Rhizome” təşkilatının bədii rəhbəri Maykl Konnor kuratorluq edirlər.
“Ürək tənha ovçudur” sərgisinin açılış mərasimində kuratorlar Suad Qarayeva və Maykl Konnor çıxış ediblər.
Bildirilib ki, müxtəlif sənət növlərində çalışan Neil Belufa, Hanna Blək, Kamil Enro, Parker İto, Banni Rocers, Casper Spisero və Lu Yan kimi məşhur rəssamların əsərlərində sahiblik münasibətləri, vizual özəllik, cəmiyyətdə qarşılıqlı əlaqələr və onların təsvirləri ilə bağlı mövzular təhlil olunur.
Pyer Yuiq ilə Filip Parrenonun birgə işi olaraq cizgi (anime) filmi personajının təkrar bədii istifadəsini tədqiq edən “Kabus yox, yalnız örtük” (“No Ghost Just a Shell”, 1999-2002) adlı davamlı layihə sərginin mərkəzi ekspozisiyasını təşkil edir. “Ürək tənha ovçudur” sərgisi çərçivəsində Pyer Yuiqin bu silsilə layihəsi üçün çəkdiyi iki videofilmi nümayiş etdirilir. Pyer Yuiq öz personajının zahirən boş görünməsinə valeh olsa da, sənətkarın nümayiş etdirilən son sərgi işləri ekrandakı təsvirin sadəcə “örtük” olmaması ideyasını vurğulayır: xəyali obrazlar da real dünyanın işlərinə təsir göstərir və təsirlərə məruz qalır.
Sərgidə nümayiş olunan bir sıra əsərlərdə müəlliflər ekran təsvirlərinin müəyyən təsirini - azarkeş tamaşaçını mənəvi və hətta fiziki cəhətdən necə dəyişdiyini araşdırırlar. Hanna Blək Bakıda bodibildinqlə məşğul olan peşəkar və həvəskarların iştirakı ilə ərsəyə gətirdiyi videofilmini təqdim edir. Filmdəki bakılı bodibilderlər heç də “Photoshop” vasitəsilə hazırlanmış fitnes jurnallarında və ya kompüter qrafikası ilə yaradılmış filmlərdə gördüyümüz super qəhrəmanlardan geri qalmırlar.
Sərgidəki əsərlər, həmçinin normal bədənlərin ekranda deformasiyaya uğrayıb anormal formalara keçərək kadrdan kənara çıxmasını əks etdirir. Kamil Enronun ilk dəfə YARAT Müasir İncəsənət Mərkəzində nümayiş olunan rəsmləri populyar ABŞ musiqiçisi Niki Minajın videoklipindən ilhamlanaraq yaradılıb.
Bundan əlavə, sərgi ekran personajları ilə oxşarlığın ikili rol oynaya biləcəyi vasitələri ön plana çəkir. Bu oxşarlıqlar əsərə həm məhdudiyyət, həm də sərbəstlik verə bilər. Məsələn, Casper Spiseronun əsərləri sönük və ümidsiz mühitlərdə - dustaqxanalarda, yararsız boş evlərdə cərəyan edən fantastik əhvalatlardır. Neil Belufa isə Banf şəhərində (Kanada) statistika üzrə mütəxəssislər qrupu üçün tədqiqat obyekti olan yeniyetmələr haqqında film təqdim edir.
“Rhizome”nin bədii rəhbəri Maykl Konnor deyib: “Fan-art əsərinin personajları adətən həm orijinal əsərlə uyğunlaşan, həm də orijinal əsərdə baş verməyən hallarda əks etdirilir. Bu sərgi, eləcə də sərgidə iştirak edən bir çox rəssam məhz fan-art sənətindən ilhamlanıb...”
YARAT Müasir İncəsənət Mərkəzinin baş kuratoru Suad Qarayeva bildirib: “Ürək tənha ovçudur” sərgisi incəsənətin xüsusi istiqamətini - post-rəqəmsal cərəyanını araşdırır və bizim tamaşaçılara sürətlə inkişaf edən bu bədii təsvir təcrübələrini təqdim edir”.
Suad Qarayeva YARAT Müasir İncəsənət Mərkəzinin baş kuratorudur. O, əvvəllər Londonun “Sotheby"s”in Rusiya və MDB ölkələrinin müasir incəsənəti üzrə mütəxəssisi və kuratoru vəzifələrində çalışıb. Bir neçə ildir, YARAT-la əməkdaşlıq edir, 53-cü və 54-cü Venesiya Biennalesində Azərbaycanın milli pavilyonu da daxil olmaqla çoxsaylı beynəlxalq sərgilərdə çalışıb. Builki 56-cı Venesiya Biennalesində YARAT-ın “Odla suyun birliyi” adlı layihəsinin təşkilatçılıq işlərinə rəhbərlik edib.
“Ürək tənha ovçudur” sərgisinin adı Karson MakKalersin ABŞ-ın Corciya ştatında yerləşən kiçik şəhərcikdəki həyat haqqında 1940-cı ildə yazdığı romanından götürülüb. Bu roman yaşadıqları mühitə fiziki və ya sosial baxımdan “uyğun gəlməyən” və özlərini son dərəcə təcrid olunmuş hiss edən, xiffət çəkən bir sıra personajların ətrafında cərəyan edir.
Sərgi 2016-cı il yanvarın 9-dək davam edəcək.