Müasir İncəsənət Muzeyində Niyaz Nəcəfovun sərgisi açılıb
Sentyabrın 30-da Müasir İncəsənət Muzeyində rəssam Niyaz Nəcəfovun “NET” adlı fərdi sərgisi açılıb. Mərasimdə YARAT Müasir İncəsənət Mərkəzinin təsisçisi Aida Mahmudova çıxış edərək rəssamın yaradıcılığını yüksək qiymətləndirib və ona yeni-yeni yaradıcılıq uğurları arzulayıb.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Nümayiş olunan əsərləri ənənəvi rəngkarlıq və yüngül karikatura texnikasının epik kombinasiyası kimi xarakterizə etmək olar.
Son on il ərzində Niyaz Nəcəfov Azərbaycan incəsənətində öz karyerasının zirvəsini fəth etməklə yanaşı, əsərləri Rusiya, ABŞ, Almaniya, Danimarka da daxil olmaqla bir sıra xarici ölkələrdə nümayiş etdirilib. Onun əsərləri Azərbaycanda və onun hüdudlarından kənarda bir çox tanınmış muzeylərdə, şəxsi kolleksiyalarda saxlanılır. 2009-cu ildə Venesiya Biennalesində iştirak edən rəssamın iki əsəri tanınmış kolleksiyaçı Albert Sandretti tərəfindən alınıb.
Rəssamın əsərlərində təsvirlər nikbinlikdən kənar olsa da, mövzusundan asılı olmayaraq, qeyri-adi şəkildə insanın diqqətini çəkir. Bəzi əsərlərini yalnız karikatura kimi qiymətləndirmək olar. Bəzən onun yaratdığı əsərlər ifadəli satira, bəzən isə gizli yumordur. Əsərlərində əks olunan şəxslər real insanlar deyil, amma bu obrazlarda hətta kimsə özünü tanıya bilər. Onun müşahidəsi “amansız”dır, heç bir detal gözdən qaçmır.
Ümumbəşəri mövzular və şəxsi həyat arasında yaratdığı bu paralel sənətkarın yaradıcılığını xarakterizə edir. Lakin bu incəsənətin fonu və dərinliyi tutqun olaraq qalır və qorxu, ağrı və tənhalıq ilə qeyd olunur.
Sərgi oktyabrın 20-dək davam edəcək.