“Bədii ədəbiyyat hədsiz dərəcədə həssasdır. Bəşərin sevinci və kədərini əks etdirən zərif bir aparatdır. İnsan qəlbinə və zəkasına güclü təsir göstərən, yol tapan qüdrətli vasitələrdən biridir”
   İmran Qasımov
   
   İmran Qasımov 25 noyabr 1918 -ci il tarixdə Bakı şəhərində anadan olub. Ziyalı ailədə böyüyüb. Adını daşıdığı əmisi İmran Qasımov vaxtilə Üzeyir Hacıbəyov , Hüseynqulu Sarabski, Abbas Mirzə Şərifzadə və digər görkəmli şəxsiyyətlərlə birgə çalışıb. Azərbaycanda musiqili teatrın yaranmasında və inkişafında böyük xidmətlər göstərib. Atası Həşim Qasımov ötən əsrin əvvəllərində Sankt-Peterburqda ali təhsil alıb. Azərbaycanın ilk mühəndis övladlarından biri olub. Anası Mələk xanım da dövrünün nəcib və geniş dünyagörüşlü qadınlarından olur. İmran Qasımov orta məktəb illərindən müxtəlif ədəbi gecələrdə və müsabiqələrdə iştirak edir. Gənc yaşlarından görkəmli bəstəkar Qara Qarayev və Tofiq Quliyevlə yaxın dost olur...
   
   O, 1934-cü ildə orta məktəbi bitirir. Həmin ili də Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olur. 1938- ci ildə Moskvada kinossenaristlər kursunda oxuyur. Xeyli vaxt Moskvada kinossenaristlər şöbəsinin rəisi olur. Vətənə döndükdən sonra Azərbaycan kinomatoqrafiya nazirinin birinci müavini , “Literaturnıy Azerbaydjan” jurnalının baş redaktoru, 1975- ci ildən ömrünün sonuna kimi (1981) Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin birinci katibi vəzifələrində çalışır. İmran Qasımov xalq yazıçısı, Azərbaycan Dövlət mükafatı laureatı, əməkdar incəsənət xadimi idi. Sinəsini “Lenin”, “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı” ordenləri və bir sıra medallar bəzəmişdir.
   İmran Qasımov Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan ədiblərdən biri olub. O, nasir, dramaturq və ssenarist kimi həmişə rəsmi dairələrdə, mötəbər məclislərdə öndə durub. Hələ sağlığında ikən müxtəlif səpkidə yazdığı əsərləri tədqiqat mövzusuna çevrilir. Yaradıcılığı haqqında xeyli monoqrafiya və əsər qələmə alınır. Deyim ki, yaradıcılığı bütünlüklə müasirlərinin mənəvi zənginliyini, əxlaqi keyfiyyətini əks etdirib. Məhz bu səbəbdəndir ki, onu müasirləri , gənc oxucular böyük rəğbətlə qarşılamış və sevmişdir. Həsən Seyidbəyli ilə birlikdə yazdığı “Cəbhədən-cəbhəyə“ adlı romanı öz dövrünün ən çox oxunan əsəri olur.
   İmran Qasımov xx əsr Azərbaycan ədəbiyyatının həm də təməl daşını qoyanlardan biri olub. Yaradıcılığında dənizin, Xəzər neftçilərinin xüsusi yeri var: Buna onun “Xəzər neftçiləri haqqında dastan”, “Dəniz cəsurları sevir”, “İnsan məskən salır“ , “Arzu”, “ Xəzər üzərində şəfəq”, və digər əsərlərini misal göstərmək olar. Dənizin mənəvi dərinliyi onu həmişə düşündürüb və ilhamlandırır. Bu haqda ondan çox soruşulub. O isə belə deyib: “Mən dənizdə doğulub, dənizdə böyümüşəm. Haqqında yazdığım adamlar isə mənə çox doğmadırlar. Mənə elə gəlir ki, onlarla bir oxumuşam, bir yaşa dolmuşam”. Onun qələm dostlarına və gənc yazarlara həm də maraqlı tövsiyələr var. O, yazıb: “Bədii söz plakat deyil, rəngarəng rəsm əsəridir. Emosional, intellektual təsir yolları mürəkkəb və çoxcəhətlidir”.
   O dövrdə bir çox ədiblərimiz kimi İmran Qasımova da müəyyən təsirlər, təzyiqlər olur. Lakin onun yaradıcılığı heç bir təzyiqə, təsirə məruz qalmır. Qaraguruhçuların korafəhmlərin əksinə olaraq yaradıcılığı daha da intensivləşir, şaxələnir və çiçəklənir .Yaradıcılıq uğurlarının səsi-sorağı Azərbaycan sərhədlərini aşır.Yaxın-uzaq ölkələrə yayılır. Əsərləri forma, məzmun və ideya cəhətdən böyük məna kəsb edib. Bununla da, gənclərə vətənpərvərlik, qəhrəmanlıq və mənəvi aydınlıq duyğuları aşılayıb. Sözü, düşüncəsi yaradıcılığı ilə üst-üstə düşüb. Vəhdət təşkil edib.
   Görkəmli yazıçısı Çingiz Aytmatov 1978- ci ildə İmran Qasımova bir məktub göndərir.Orada yazır: “Sənin dramaturgiyan Azərbaycan teatrının adasıdır. Sənin dramaturgiyanda qaldırılan məsələlər müasir insanın, zamanın problemi olub, qəhrəmanların simasında gələcək tarixə vəsiqə almışdır. Sən hər barədə öz dövrünün vətəndaşısan. Həqiqət, xeyirxahlıq, gözəllik, məhəbbət, ölüm harmoniya kimi mövzular daim sənin yaradıcılığında aktual, günümüzlə səsləşən əhəmiyyət kəsb edir. Sənin bəşəri ədəbiyyat və incəsənət haqqında anlayışın, düşüncələrin məni həmişə heyran edib”. Akademik Məmməd Arif də bu haqda yazıb: “İnsan məskən salır“, “Ömür elə qısadır ki”, “Sən nə üçün yaşayırsan?”, “Nağıl başlananda”, “Dairəni genişləndirin” pyesləri Azərbaycan dramaturgiyasının qazandığı görkəmli nailiyyətlərdəndir”.
   O, həm də istedadlı ssenarist olub. Onun ssenariləri əsasında bir çox film çəkilib. Həmin filmlərdə sərbəst və ilhamlı əməyə məhəbbət öz əksini parlaq şəkildətapıb. Müasirlərin və yenilikçilərin hiss və duyğuları aydın şəkildə verilib. Məlumdur ki, bu filmlər milli kino sənətimizin qızıl fonduna daxil olub. İndinin özündə də bu filmlərə böyük maraqla baxılır: “Onun böyük ürəyi”, “Dəniz cəsurları sevir” filmləri dəyərli sənət əsərləri kimi mühafizə olunur. Onun xeyli adda müştərək əsərləri də var. Belə əsərlərdən biri “Uzaq sahillərdə” filmidir. Deyək ki, bu film dünyanın 25 dilinə tərcümə olunub. Asiya və Afrika ölkələrinin festivallarında birinci yer tutub. Kanadada mükafata layiq görülüb. İmran Qasımov həqiqətən də əsərin qəhrəmanı simasında maraqlı obraz yaradıb. Mehdi Hüseynzadənin səxsiyyətində Azərbaycan xalqının çox istedadlı, yaddaqalan qəhrəmanlıq obrazını böyük ustalıqla yarada bilib. Əsər o vaxt filmin yaradıcı kollektivini dünyaya tanıdır. Onlara böyük şöhrət gətirir. Yaradıcılıq aləmində onlara işıqlı yollar açır.
   O, ədəbi yaradıcılıqla bərabər, həm də ictimai xadim olub. Tez-tez xarici ölkələrə səfərə çıxır. Müxtəlif görüşlər, böyük xalqlar, maraqlı adamlar haqqında xatirələr yazır:
   “Çinin Şanxay şəhərində idim. Birinci dəfə idi, bu ölkədə olurdum. “İzvestiya” qəzetinin müxbiri ilə gəzintiyə çıxmışdım. Şəhəri xeyli gəzdik. Görməli, baxmalı yerlərlə tanış olduq. Bir balaca dincəlmək istədik. Ona görə də yaxınlıqdakı kafedə otumalı olduq. Adama bir fincan kofe aldıq. Çəkilib bir tərəfdə əyləşdik. Ətrafımızda bir-birindən gözəl qız və xanımlar əyləşmişdi. Özümdən asılı olmayaraq dönüb onlara tərəf baxdım. Onlarda bizə baxdı. Mən ikinci dəfə otərəfə baxanda onlardan biri gülümsədi və təzim etdi. Elə hesab etdim ki, yanımdakı müxbiri tanıyırlar. Ona görə də həmkarımdan soruşdum. Sizi, Şanxayda yaxşı tanıyırlar! O, dedi:
   - Necə , İmran Qasımoviç! Bildirdim ki, yaxınlığımızda əyləşən xanımlara tərəf baxdım. Onlar əvvəl gülümsədi və sonra da təzim etdilər. Güman etdim ki, bu sizə görə ola bilər. Yəqin sizi bu şəhərdə yaxşı tanıyırlar... O, bir daha dedi:
   - Yox, İmran Qasımoviç! Bu , belə deyil. Şanxayın 12-13 milyon əhalisi var. Düzdü, bu şəhərdə üç-dörd ildir işləyirəm. Ancaq məni burada heç kim tanımır. Sadəcə olaraq bu ölkənin qadınlarının bizim qadınlardan fərqli düşüncəsi və həyata baxışları var... Görünür, siz onlara diqqətlə baxmısınız. Onlar da bunu hiss edib və dəyərləndiriblər. Demək istəyirlər ki, bizə dəyər verdiyiniz üçün çox sağolun...
   Özünəməxsusluq, xəlqilik İmran Qasımovun yaradıcılığını şərtləndirən və səciyyələndirən xüsusiyyətlərdir. Bu, onun təsvir etdiyi qəhrəmanların mənəvi aləminə , qayğılarına və sevinclərinə çox bağlı olduğunu parlaq şəkildə göstərir. O, qəhrəmanının həyat yolunu bir vətəndaş kimi ardıcıl olaraq izləyir, böyük rəğbətlə müşahidə edir və öyrənir. Bu fərdi keyfiyyət şübhəsiz ki, hər ədibdə olmur...
   İmran Qasımov 63 il ömür yaşayıb. Bu qısa, lakin çox maraqlı-mənalı ömürdə zəngin yaradıcılığı ilə ədəbiyyatımızda və kino sənətimizdə mötəbər yer tutub. Özünəməxsus dəst-xətti və rəngarəng cizgiləri ilə dərin iz qoyub. Bununla belə, o, bizə məlum olmayan daha yüksək keyfiyyətləri və məziyyətləri ilə daim müasirimiz olaraq qalacaq. Bir işıqlı şəxsiyyət, görkəmli yazıçı kimi əbədi olaraq qəlblərdə, könüllərdə yaşayacaqdır.
   
   Savalan Fərəcov