Beynəlxalq incəsənət festivalında Tahir Salahovun əsərlərindən ibarət Azərbaycan ekspozisiyası təşkil olunub
Oktyabrın 8-də Portuqaliyanın Lissabon şəhərində "Ənənə və müasirlik" beynəlxalq incəsənət festivalı başlanıb. Oktyabrın 17-dək davam edəcək festivalda Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə görkəmli fırça ustası, Xalq rəssamı Tahir Salahovun əsərlərindən ibarət Azərbaycan ekspozisiyası təşkil olunub.
2007-ci ildən etibarən Moskvanın Mədəniyyətin Dəstəklənməsi və Müasir İncəsənətin İnkişafı Fondunun təşkilatçılığı ilə ənənəvi olaraq hər il "Ənənə və müasirlik" beynəlxalq incəsənət festivalı keçirilir. Dünyanın 40-dan artıq ölkəsindən və Rusiya Federasiyasının 30 bölgəsindən çoxsaylı rəssamlar festivalda iştirak edirlər. Festival 2014-cü ilədək Moskvada, 2014-cü ildə isə Portuqaliyanın Lissabon şəhərində keçirilib.
Hər il festivalı 200 minədək tamaşaçı ziyarət edir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 2009-cu ildə Əməkdar rəssam Fərman Qulamov, 2011-ci ildə Əməkdar rəssam Sakit Məmmədov, 2012-ci ildə Rəşad Mehdiyevlə gənc rəssam Məryəm Ələkbərli, 2013-cü ildə Namiq Məmmədov, 2014-cü ildə isə Xalq rəssamı Tahir Salahov və Əməkdar rəssam Sakit Məmmədovun rəhbərliyi ilə bir qrup fırça ustası Azərbaycanı bu festivalda təmsil edib. Tamaşaçıların və münsiflər heyətinin səsverməsi ilə keçirilən müsabiqənin nəticələrinə əsasən rəssamlarımız müxtəlif nominasiyalarda mükafata layiq görülüblər.