Xalça Muzeyində fiziki qüsurlu insanların sərgi-yarmarkası keçirilib
Oktyabrın 9-da Azərbaycan Xalça Muzeyində "İstedadlı Əlillər" İctimai Birliyinin "Mənim dünyam" adlı sərgi-yarmarkası açılıb.
Tədbirdə muzeyin direktoru Röya Tağıyeva çıxış edərək belə sərgilərə həmişə dəstək verməyə hazır olduqlarını söyləyib. Bildirib ki, Xalça Muzeyi məhdud imkanlı insanların cəmiyyətə inteqrasiyasına, onların sosial rifahının güclənməsinə maddi və mənəvi dəstəyini göstərmək üçün "İstedadlı Əlillər" İctimai Birliyi ilə ikinci dəfədir belə bir sərgi təşkil edir.
Mərasimdə incəsənət ustalarının və istedadlı əlillərin ifasında konsert proqramı təqdim olunub.
Azərbaycan Xalça Muzeyi tərəfindən məhdud imkanlı iştirakçılar diplom və fəxri fərmanla təltif edilib.
Sonra sərgiyə baxış olub. Üç gün davam edən satış-sərgidə ümumilikdə 25 müəllifin 300-dək əl işi - taxtadan oymalar, xovlu-xovsuz xalçalar, toxumalar, yağlı boya ilə işlənən rəsmlər və digər nümunələr sərgilənir.