Avqustun 2-də Azərbaycan kinosu günü münasibətilə təşkil olunmuş tədbirlər çərçivəsində Heydər Əliyev Sarayında Rüstəm İbrahimbəyovun “Kabusun gözüylə” bədii filminin təqdimatı keçirildi. Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “İbrus” şirkətində istehsal olunub. Təqdimatda Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin, kino ictimaiyyətinin nümayəndələri, çoxsaylı kinosevərlər iştirak edirdi.
   
   Tədbirdə ilk çıxış edən Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, Xalq artisti Rasim Balayev Azərbaycan kinosunun 112 illiyi münasibəti ilə kino ictimaiyyətini təbrik etdi. Ölkə başçısının kino sahəsinin inkişafı ilə bağlı imzaladığı sərəncamların, bununla bağlı qəbul olunan Dövlət Proqramının əhəmiyyətini qeyd etdi, Azərbaycan kinosunun inkişaf etməsi üçün gənc kinematoqrafçılara daha çox diqqət göstərilməsinin vacibliyini vurğuladı.
   Sonra səhnəyə “Kabusun gözüylə” filminin çəkiliş heyəti dəvət olundu. Filmin prodüsseri, ssenari müəllifi və rejissoru Rüstəm İbrahimbəyov tədbir iştirakçılarını kino bayramı münasibəti ilə təbrik etdi. O çıxışında bir məqamı xüsusi qeyd etdi ki, bütün dünyada kinonun inkişafı müstəqil kino ilə bağlıdır: “Dövlətin göstərdiyi yardım və dəstək kino prosesini sürətləndirmək üçün vacibdir. Bundan əlavə, Azərbaycan kinosunun inkişafına tamaşaçılar da dəstək olmalıdır. Çünki istehsal olunan filmlər onlar üçündür”.
   Sonda “Kabusun gözüylə” filmi tamaşaçılara təqdim olundu. Qeyd edək ki, film Azərbaycan-Fransa kinematoqrafçılarının ilk birgə layihəsidir. Rüstəm İbrahimbəyovun sözlərinə görə, bu əsər komediya elementləri də daxil olan psixoloji dram janrına aiddir.
   Film öz ölkəsində kifayət qədər tanınmış 50 yaşlı fransız aktyoru və incəsənətdə ilk addımlarını atan azərbaycanlı gənc aktrisanın münasibətlərindən bəhs edir. Hadisələr 90-cı ilin yanvar ayında cərəyan edir. Həmin dövrdə Bakıya gələn fransız özündən 20 yaş kiçik aktrisaya vurulur. Çəkilişləri Bakı və Fransada aparılan filmdə Mələk Abbaszadə, Şükufə Yusupova, Fatimə İbrahimbəyova, Tofiq Mirzəyevlə yanaşı, baş rolda fransız aktyoru Rişar Marten (Fransanın Marsel şəhərinin “Turski” teatrının bədii rəhbəri), Georgi Branev (Bolqarıstan) və başqaları çəkilib.
   Xatırladaq ki, Azərbaycan və Fransanın birgə layihəsi olan “Kabusun gözüylə” filminin ilk təqdimatı bir qədər əvvəl Parisdə keçirilmişdi.
   
   İntiqam Hacılı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar