Oktyabrın 15-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda tanınmış həvəskar rəssam Valentina Əfəndiyevanın rəsm əsərlərindən ibarət “Açıq rəngkarlıq” adlı sərgisi açılıb.
İttifaqın katibi, Xalq rəssamı Ağəli İbrahimov V.Əfəndiyevanın əsərləri haqqında fikirlərini bölüşüb. Onun rəsmlərində gözəllik duyğusu, işıqlı rənglərin çoxluğu, həyatsevərlik, xeyirxahlıq ifadə olunduğunu söyləyib.
Xalq rəssamı Altay Hacıyev, Əməkdar incəsənət xadimi Rafiq Kərimov və başqaları nümayiş olunan əsərlərdə təbiət, mənzərə, güllər, dəniz, ilin fəsilləri, müxtəlif fəlsəfi yanaşma və emosional hisslərin rənglərlə öz bədii ifadəsini tapdığını bildiriblər.
Müəllif tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirərək deyib: “Sərgidə nümayiş olunan 100-dək rəsm əsəri 5 illik zəhmətimin bəhrəsidir. Mənim bundan əvvəl də fərdi sərgilərim açılıb. Bu, sayca altıncı sərgimdir”.
Sonra iştirakçılar sərgi ilə yaxından tanış olublar. Nümayiş olunan rəngkarlıq, yağlı boya, akvarel, qrafika və tətbiqi sənətə aid olan müxtəlif mövzulu portretlər tamaşaçıların marağına səbəb olub.