Oktyabrın 16-da İstiqlal Muzeyində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 24-cü ildönümünə həsr olunmuş “Çiçəklənsin doğma Vətən” adlı tədbir keçirildi.

Tədbiri muzeyin direktoru Fəridə Şəmsi açaraq ötən yüzilliyin əvvəllərində Azərbaycan xalqının əldə etdiyi müstəqillikdən və onun tarixi əhəmiyyətindən danışdı. Bildirdi ki, xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Müstəqilliyimiz üçün ikinci tarixi imkan 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olundu.
Bakı Dövlət Universitetinin tarix fakültəsinin kafedra müdiri, professor Anar İsgəndərov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından və qısa zaman kəsiyində gördüyü əhəmiyyətli işlərdən söz açdı. Qeyd etdi ki, tale Azərbaycan xalqına bir əsrdə iki dəfə müstəqillik əldə etmək, suveren dövlətini yaratmaq imkanı verib. 1918-ci il mayın 28-də Gülüstan və Türkmənçay müqavilələrindən sonra ikiyə bölünən, yüz ildən artıq müstəmləkə şəraitində yaşayan, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan xalqı şimalda öz dövlətini qurdu. Xalq Cümhuriyyətinin elan olunmasından sonra qısa müddətdə dövlətçiliyin əsasları təmin olundu. Milli ordu yaradıldı. Azərbaycan dili dövlət dili elan edildi. Üçrəngli - göy, qırmızı, yaşıl bayrağımız meydana gəldi. Türk-müsəlman Şərqində ilk dəfə bizim ölkəmizdə qadınlara seçib-seçilmək hüququ verildi. Xalqımızın savadlanması üçün məktəblər açıldı. 1919-cu ildə Bakı Dövlət Universiteti yaradıldı. Milli muzeyimiz - “İstiqlal” muzeyi təşkil edildi. Bütün bunlar hamısı qısa zamanı kəsiyində əldə edilmiş uğurlar idi.
Azərbaycanda 80-ci illərin sonunda başlanan milli-azadlıq hərəkatını, 1990-cı ilin 20 Yanvar faciəsini, suverenliyimiz uğrunda canlarını fəda edən şəhidləri bu tariximizin o qanlı anlarını fotoobyektivin yaddaşına köçürdüyünü dedi. İstiqlal bayrağını ucaldan şəhidlərin xatirəsinin xalqın hafizəsində daim yaşayacağını söylədi.
Çıxışlardan sonra tədbir iştirakçıları Çiçəklənsin doğma Vətən” adlı sərgiyə baxdılar. Sərgidə tanınmış fotoqraf Tahir Cəfərovun Azərbaycanın müstəqillik tarixini əks etdirən 30-dan çox fotoşəkili nümayiş olunurdu. 1948-ci ildə Bakıda anadan olan Tahir Cəfərov 50 ilə yaxdır foto sənəti ilə məşğuldur, bir sıra respublika və mərkəzi (SSRİ) mətbu orqanlarla əməkdaşlıq edib.
Rəssamlıq Akademiyasının tələbələri, Milli Qvardiyanın əsgərləri, Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti və ictimaiyyət nümayəndələrinin qatıldığı tədbirin sonunda Təhsil Nazirliyi yanında Təhsil alan Gənclərin Respublika Yaradıcılıq Evinin özfəaliyyət kollektivi vətənpərvərlik mövzusunda kompozisiya ilə çıxış etdi.

Savalan Fərəcov