Xəbər verdiyimiz kimi, oktyabrın 5-dən 11-dək Türkiyənin Karabük vilayətinin qədim Safranbolu şəhərində TÜRKSOY-un “Fotoqraflar görüşü” keçirilib. Ənənəvi yaradıcılıq görüşünə bu dəfə 18 türkdilli ölkə və diyardan 27 fotoqraf qatılıb.
İştirakçıların bölgənin tarixi məkanlarında, gəzməli-görməli yerlərində çəkdikləri fotolardan ibarət “Türk dünyası fotoqraflarının gözü ilə Safranbolu” adlı sərgi təşkil olunub.
TÜRKSOY-un “Fotoqraflar görüşü” ilə eyni vaxtda Safranboluda 16-cı beynəlxalq “Altın Safran” (“Qızıl zəfəran”) sənədli film festivalı (9-11 oktyabr) da gerçəkləşib. Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr və Albaniyadan rejissorların qatıldığı festivalda ölkəmizi rejissor Adil Azay "Yaddaş" studiyasında çəkdiyi "Xəlvətdə qalmış müdrik" (Seyid Yəhya Bakuvi) və "Azanfilm"də lentə aldığı "Vulkanın nəfəsi" sənədli filmləri ilə təmsil edib.
Birinci yeri qırğız rejissoru Tınay İbrahimovun çəkdiyi “On üçüncü” adlı ekran əsəri qazanıb. Azərbaycanlı rejissora Türk Dünyası Bələdiyyələr Birliyinin xüsusi mükafatı təqdim olunub.