Oktyabrın 23-də Azərbaycan Milli İncəsənət Muzeyində “bp” neft şirkətinin təşkilatçılığı ilə “İncəsənət fotoqrafların gözü ilə” müsabiqəsinin yekun sərgisi açılacaq. Artıq ikinci dəfədir ki, Britaniya şirkəti tərəfindən bu fotomüsabiqə elan olunur. Heç bir yaş məhdudiyyəti qoyulmayan müsabiqədə peşəkar fotoqraflarla yanaşı, həvəskar fotoqraflar, müxtəlif peşə sahibləri, tələbələr iştirak edirlər.
Tədbirdə müsabiqənin iştirakçılarına sertifikatlar, qaliblərə mükafatlar təqdim olunacaq. Sərgidə 13 fotoqrafın 25 fotosu yer alıb.
Qeyd edək ki, “bp” neft şirkəti Azərbaycandakı fəaliyyəti dövründə muzeylərdə “açıq qapı” günləri, fotomüsabiqələr, yaradıcı insanlarla görüşlər və bir çox mədəni tədbirlərin keçirilməsində fəal iştirak edir.