Noyabrın 7-də Müasir İncəsənət Muzeyində gürcü rəssamı Mamuka Tsetsxladzenin “Postcard” adlı fərdi sərgisi açılacaq. “Postcard” - şəhərlərin, evlərin, parkların, fəvvarələrin, küçələrdə gəzən insanların, tramvayların, gəmilərin, təyyarələrin müxtəlif istiqamətlərdən görünüşü, müxtəlif zamanların hərəkətliliyi və ya səssizliyini əks etdirir. Bu əsərlərdə rəssamın uşaqlıqda və indi gördüyü tanış olan və olmayan şəhərlərin mənzərələri öz əksini tapıb.
Tanınmış gürcü rəssamı Mamuka Tsetsxladze 1960-cı ildə Tbilisidə anadan olub. Onu Azərbaycanda sənətsevərlər yaxşı tanıyırlar. Hələ 13 yaşında ikən Bakıda olub və qədim şəhərə vurulub. Dəfələrlə əsərlərini Bakıda nümayiş etdirib.
Bu gün rəssam bütün dünyada məşhurdur. Əsərləri ən tanınmış muzeylərin kolleksiyalarında saxlanılır. Onun mənzərələrinin özünəməxsus üslubu seyrçiləri dərin düşüncələrə sövq edir. 60-cı illərin mənzərələrinin əks olunduğu Tbilisi, Moskva, Bakı, Paris, Səmərqənd və digər şəhərlər bəzən qeyri-adi, gözlənilməz bədii təqdimatda çıxış edir.