Dekabrın 21-də Dövlət Uşaq Filarmoniyası Gənc Tamaşaçılar Teatrında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramına həsr olunmuş konsert proqramı təqdim etdi. Konsert eyni zamanda kollektivin bu il üçün sənət hesabatı idi.
Əvvəlcə səhnəyə çıxan uşaqların sevimlisi Şaxta baba hər kəsi qarşıdan gələn bayramlar münasibətilə təbrik etdi.
Sonra səhnəyə nağıl qəhrəmanları çıxdılar. Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərən uşaq folklor mahnı və rəqs ansamblı, uşaq xor kapellası, “Şəms” uşaq xoru, kamera və nəfəsli alətlər ansamblı, musiqili uşaq teatrının üzvləri rəngarəng proqramla çıxış etdilər.
Proqrama Azərbaycan və dünya xalqlarının rəqsləri, mahnılar və teatr tamaşalarından səhnələr daxil edilmişdi. Həm kiçik, həm də böyük yaşlı uşaqlar rəngarəng proqramla yaşıdlarının bayramlarını təbrikə gəlmişdilər. Nağıl qəhrəmanlarının dili ilə təqdim edilən konsert proqramında milli rəqslər, dünya rəqsləri, müxtəlif musiqi nömrələri konsertə gələn hər kəsin marağına səbəb oldu. “Sevinc”, “İgidlər”, “Nəlbəki”, “Kovboy”, “Yol” rəqsləri, kamera və nəfəsli alətlər ansamblının “Happy New year” və uşaq xor kapellasının ifasında “Together” mahnıları uşaqların bayram sevincinə sevinc qatdı. Bayram konserti al-əlvan rəqs və musiqi nömrələri ilə davam etdi.
Qeyd edək ki, Uşaq Filarmoniyası Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə bir çox xarici ölkələrdə qastrol səfərlərində Azərbaycan musiqisini, rəqslərini yüksək səviyyədə təbliğ edir. Müxtəlif tədbirlərdə, xeyriyyə konsertlərində fəal iştirak edən kollektiv uşaqların bədii estetik tərbiyəsində, istedadların üzə çıxarılmasında mühüm rol oynayır.
Lalə Azəri