Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçiriləcəyi dövrdə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti qərar qəbul edib.
Baş nazir Əli Əsədovun imzaladığı 1 avqust 2024-cü il tarixli qərara əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində (xüsusi təhsil müəssisələri istisna olmaqla) ümumi təhsil pilləsi üzrə noyabrın 12-dən 22-dək payız tətili olacaq.
Peşə, orta ixtisas və ali təhsil pillələri üzrə Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda noyabrın 12-dən 22-dək təhsil distant (məsafədən) formada aparılacaq.
Elm və Təhsil Nazirliyinə qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirmək tapşırılıb.