Bu gün paytaxtımızda müxtəlif təsviri sənət dərnəkləri fəaliyyət göstərir. Onlardan biri rəssam Emin Qəhrəmanovun “Emin art studiya”sıdır. Günün istənilən vaxtında buranı insanlarla dolu görmək olar. Fərqli yaşda olan insanlar burada rəssamlığın sirlərini öyrənir, bacarıqlarını artırırlar.

Biz də studiyanın fəaliyyəti ilə tanış olduq. Artıq 10 ildir fəaliyyət göstərdiklərini deyən Emin Qəhrəmanov hazırda böyüklü-kiçikli 150 nəfərin burada rəssamlıqla məşğul olduğunu bildirdi. Studiyada 4 müəllim çalışır: Zöhrab Cabbarov, Elçin Bünyadov, Gültəkin Qəhrəmanova və Şəhla Zeynalova.
E.Qəhrəmanov söyləyir ki, ilk olaraq dərnəyə gələnlərin rəssamlıq bacarıqları üzə çıxarılır, dəyərləndirilir və inkişaf etdirilir. Studiyada iki qrup var: onlardan biri 4-10 yaşlılardan, o birisi isə yaşı 10-dan yuxarı olanlardan ibarətdir. Hər il burada rəssamlığın sirlərinə yiyələnən neçə nəfər Dövlət Rəssamlıq Akademiyasına qəbul olunur.
Yaxşı cəhətdir ki, ara-sıra studiya üzvlərinin yaradıcılığından ibarət sərgilər də təşkil edilir. Eləcə də peşəkar rəssamlarla birgə sərgilərin keçirilməsi də uşaqların bədii zövqünün formalaşmasına yaxşı təsir göstərir.
Qiymətlərə gəlincə, balacalar 8 dərsə ayda 80 manat, böyüklər 100 manat pul ödəyirlər. Həmsöhbətim deyir ki, maddi imkanı olmayan 15 tələbədən pul alınmır. Studiya üzvlərinin əsərlərindən ibarət xeyriyyə sərgiləri də keçirilir. Satışdan əldə olunan gəlirdən imkansızlara yardım edilir.
Studiya ilə tanışlıqdan sonra E.Qəhrəmanovun yaxınlıqdakı emalatxanasına da baş çəkdik. O, əsasən ekspressionist, avanqardist rəssam kimi tanınır.
O, 1976-cı ildə Lənkəranda anadan olub. Atası hərbçi olduğundan ailə müxtəlif yerlərdə yaşamalı olub. Emin orta məktəbi Gürcüstanın Tbilisi şəhərində bitirib. Rəssamlığı isə uşaqlığını keçirdiyi Lənkəranda öyrənib. Ali təhsilini Gürcüstan Rəssamlıq Akademiyasında alıb. Bildirir ki, onu rəssamlıq sənətinə uşaqlıqdan anası yönəldib və hər zaman dəstəkləyib. 13-14 yaşından rəssam olacağını qarşısına məqsəd qoyan Emin sonda istəyinə çatıb: “Bakıda demək olar, bütün rəssamların emalatxanasını gəzmişəm, hərədən bir şey öyrənmişəm. Yenə də öyrənirəm, bundan zövq alıram. Rəssamda göz yaddaşı güclü olmalıdır, bu öyrənməni asanlaşdırır”.
Emin təhsil illərində klassik janra daha çox üstünlük verib. Sonradan impressionistlərə - Van Qoq, Klod Mone və Pol Qogenə üz tutub, onların yaradıcılıqlarından yararlanıb.
Müsahibim deyir ki, rəssam qapalı olmamalıdır, çünki o, dünyəvi düşüncəli yaradıcıdır. Qapalılıq sənətin ölümüdür. Rəssam dünyaya açıq gözlə, düşüncəylə baxmağı, müxtəlif janrlarda işləməyi bacarmalıdır: “Rəssam tək bir janrla yetərlənib qalmamalıdır. Mən bir çox janrlarda işləyirəm. Başlıca janrım ekspressionizmdir. Bu janrın əsas cəhəti insanda müxtəlif duyğular, hissiyyatlar yaratmaqdır. Pikassonun incəsənətə münasibətinə heyranam. Onun kimi işləmək istəyirəm. Gur rənglərdən istifadə etmək çox xoşuma gəlir. Əsərdə dinamikliyi sevirəm”.
E.Qəhrəmanov sovet dövründə Azərbaycanda güclü avanqardist rəssamların olduğunu vurğulayır. Özünü həmin ənənənin davamçısı sayır. Onun fikrincə, Mircavad Cavadov, Kamal Əhməd, Gennadi Birjatyuk kimi sənətkarların əvəzi yoxdur.
Rəssam hazırda çalışdığı janrın mahiyyətini belə izah edir: “Realizmi istənilən kəsə öyrətmək olar. Ekspressionizmdə isə qayda-qanun həm var, həm də yoxdur. Onu konkret olaraq öyrətmək çox çətindir. Burada rəssamdan daha çox improvizasiya tələb olunur. Əsər insanı düşündürməli, həyəcanlandırmalıdır. Qıraqdan baxana mənim yaradıcılıq texnikam kiməsə asan görünə bilər. Adətən tamaşaçıların ilk təəssüratı belə olur. Üzdən baxanda əsərlərimdə qayda-qanun gözə çarpmır. Əslində, elə deyil, hər kəs belə üslubda işləyə bilmir. Mən Mircavadın, Kamal Əhmədin əsərlərini başqalarına göstərirəm, izah edirəm. İnsanlar qəbul etməkdə çətinlik çəkirlər”.
Həmsöhbətim hesab edir ki, hər bir əsərdə rəssam tamaşaçı üçün müəyyən düşünmə imkanı qoymalıdır. Bununla da rəssamla tamaşaçı arasında gerçək ünsiyyət yaranır. Sənət əsəri hamıya açıq olduğu kimi, əsər haqqındakı fikirlərə də sənətkar açıq olmalıdır.
Rəssam deyir ki, hansısa rəsm əsərinə zəif, yaxud güclü deməkdə ehtiyatlı olmaq gərəkdir. Ona görə ki, insanın istənilən əsər haqqında fikri dəyişə bilir. Bir əsərə insan ayrı-ayrı vaxtlarda fərqli münasibət bəsləyir.
E.Qəhrəmanov əsərlərində obrazları, cisimləri deformasiyalı təqdim edir. Buna belə aydınlıq gətirir: “Məqsədim insan gözəlliyini vermək olsaydı, gözəl insanlar çəkərdim. Mənə insanın müxtəlif vaxtlarda, durumlarda ifadə etdiyi hissiyyatı, duyğunu vermək gərəkdir. Bu, əzab, çətinlik, kədər, sevinc, qorxu və başqa duyğular ola bilər. Ona görə də yaradıcılıqda dəqiqlik və konkretlikdən uzaq dururam. Rəssam eksperiment etməkdən çəkinməməlidir. Sənət vasitəsilə daim özümü axtarıram. Axtarış bitən yerdə yaradıcılıq yoxa çıxır. Bizim rəssamların elə sərgiləri olur ki, bütün əsərlər bir-birinə bənzəyir. Yəqin ki, həmin rəssam ya eksperiment eləməkdən qorxur, ya da tənbəlliyi sevir. Yaradıcı adam eyniyyətdən çəkinməlidir. Pikasso ölənə qədər bir yerdə qalmadı, hər zaman sənəti üçün dəyişdi. Sənət çərçivəni sevmir. Sağlam rəqabətsiz də inkişaf olmur”.
Hər bir rəssamın öz yaradıcılıq yolu olduğu kimi, müştərisi də olur. E.Qəhrəmanov müştəri sarıdan qıtlıq çəkmədiyini söyləyir. Deyir, ildə 30 əsərim satılsa, yaşamağa bəs edər. Əsərlərinin ortalama 2-3 min manata alındığını söyləyir. Ən baha satdığı əsər isə 12 min manata olub. Rəssamın fikrincə, yaxşı əsər varsa, gec-tez o, öz müştərisini tapacaq.
Emin həm də rənglərdən bolluca istifadə edən rəssamdır. Əslində bütün avanqardçılar belə edirlər. Onlar rənglərdən qənaətlə istifadənin tərəfdarı deyillər. Onun əsərlərində bütün rənglər öz gücü ilə duyulur, hiss edilir. Qarışıq rənglər, çalarlar demək olar, yoxdur: “İstəyirəm rəngin fakturası görünsün. Bir də janrın tələbi belədir. Rəng qalın olanda onu hiss eləmək olur. Mən bütün rəngləri təmiz vururam”.
Rəssamın axırıncı fərdi sərgisi bu yay İçərişəhərdəki Müasir İncəsənət Mərkəzində keçirilib. Bu sərgidə rəssamın bir neçə əsəri satılıb. O, indi yeni əsərlər üzərində işləyir.

S.Soltanlı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar