Yenicə təsis olunmuş Milli Kitab Mükafatının təsisçiləri region yazarlarını da diqqət mərkəzinə gətirdi. Noyabrın 20-də təsisçi Nigar Köçərli Qubada region yazarları ilə görüş keçirdi. Tədbirdə AYB-nin katibi Rəşad Məcid, gənc yazar Rəbiqə Nazimqızı və b. iştirak edirdilər.
   
   Tədbir iştirakçılarına Milli Kitab Mükafatı ilə əlaqəli dəftər, qələm və məlumat vərəqləri paylanıldı. Qubanın mədəniyyət sarayında görünməmiş bir qələbəlik var idi.
   Tədbiri AYB-nin şimal bölgəsinin rəhbəri Ramiz Qusarçaylı açıq elan etdikdən sonra rayonda fəaliyyət göstərən “Ay işığı”, “Gülüstan” ədəbi məclislərinin fəaliyyətindən, regiondakı ədəbi mühitdən, görülən işlərdən söhbət açdı. Sonra söz Quba Rayon İcra Hakimiyyətinin işçisi Tariyel müəllim danışdı və qeyd etdi ki, “İnanıram ki, bizim regionumuzun yazıçıları da, bu müsabiqədə layiqli yerlərini tutacaqlar”. Tariyel müəllim bu mükafatın önəmi ilə bağlı bir neçə məqamı da bildirdi. Layihənin təsisçisi Nigar Köçərli mükafatın prinsipləri münsiflər heyəti, təqdim olunacaq əsərlərin janrı, qaliblərə veriləcək pulun miqdarı və çap olunacaq əsərlər haqqında ətraflı məlumar verdi.
   Sözə şeirlə başlayan Rəşad Məcid tədbirin rəsmi ovqatını müsbət mənada dəyişdi: “Mən sözə heç də təsadüfən şeirlə başlamadım, ona görə şeir dedim ki, biz bu nəsr müsabiqəsiylə şeiri unutmuruq. Bizm xalqımızda şeir ənənələri daha qədim və daha möhkəmdir. Fikrimiz ənənələri şeirə nisbətən gənc olan nəsrimizi inkişaf etdirməkdir”. Rəşad Məcid onu da vurğuladı ki, məni mükafat alanlardan, mükafatdan daha çox, xalqımızın yenidən mütaliəyə qayıtması, kütləvi oxu mədəniyyətinə yiyələnməsi daha çox maraqlandırır. Məncə, bu mükafat həm də arzuladığımız məqsədə xidmət edəcək.
   Tədbirin bədii hissəsində Qubanın tanınmış aşığı aşıq Əlikram saz çalaraq iştirakçıları daha çox şeir ab-havasına saldı. Sonra isə əsl şeir şöləni başladı. Qubada yaşayıb-yaradan Cəlaləddin, Ruhimə Dünyamalıyeva, Cabir Alpantürk, Xəyal Həşimov, Ramiz Qusarçaylı öz şeirlərini oxudular. Səkkizinci sinif şagirdlərinin və balaca məktəbli qızın Məmməd Arazın “Azərbaycan” şeirini xüsusi intonasiya ilə deməsi hamını heyrətləndirdi. Bununla da tədbir başa çatdı.
   
   Fərid Hüseynov
   
fərid-001@inbox.az