Qəbələdə beynəlxalq incəsənət sərgisində iştirak etmiş latviyalı rəssam ölkəmiz haqqında xoş təəssüratını bölüşüb
Xəbər verdiyimiz kimi, Azərbaycan Mədəniyyət Fondunun və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəni Mübadilə Assosiasiyasının təşkilatçılığı ilə Qəbələdə IV Beynəlxalq İncəsənət Sərgisi keçirilib. Dekabrın 19-da açılışı keçirilən sərgidə 19 ölkədən (Azərbaycan, Almaniya, Belarus, Çexiya, Estoniya, Gürcüstan, Koreya, Qazaxıstan, Latviya, Meksika, Monteneqro, Özbəkistan, Pakistan, Rusiya, Slovakiya, Türkiyə, Ukrayna, Yaponiya, Yunanıstan) 112 rəssam “İdman, gözəllik və həyat” mövzusunda, habelə Azərbaycanda tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarına həsr olunmuş əsərlərini təqdim ediblər.
Latviyalı rəssam İyeva Tsaruka Azərbaycanın Latviyadakı səfirliyinin təşkilati dəstəyi ilə sərgidə iştirak edib. Rəssam təəssüratlarını bölüşərək deyib: “Heydər Əliyev Konqres Mərkəzindəki “Gabala Art” qalereyasında sanballı ekspozisiya təşkil edilmişdi”.
Artıq dördüncü dəfə keçirilən Qəbələ festivalına dəvət aldığını bildirən rəssam deyib: “Mən ölkəmizi və Latviya Rəssamlar İttifaqını təmsil edirdim. Sərginin keçirildiyi binanın başı üzərində dalğalanan bayraqlar arasında Latviya bayrağını görmək çox xoş idi”.
Bakıda və bilavasitə Qəbələdə geniş mədəni proqramda iştirak etmək imkanına görə Azərbaycan səfirliyinə təşəkkür edən İyeva Tsaruka deyib: “Mən bu qədim ölkənin gözəlliyini və onun sürətlə inkişaf etdiyini gördüm. Bu diyarın qonaqpərvərliyi günəş kimi hərarət bəxş edirdi”.