![](/img/news/700x420/20246.jpg)
Azərbaycanlı rəssam Əflatun İsrafilovun işləri Moskvada Rusiyanın Mərkəzi Rəssamlar Evində keçirilən “Rusiya incəsənət həftəsi”ndə ən yaxşı əsərlər hesab olunub.
Müsabiqə proqramında 200-dən artıq şəhərdən 1000-dən çox müəllif “peşəkar”, “tələbə” və “həvəskar” kateqoriyalarında iştirak edib.
Ənənəyə çevrilmiş “Rusiya incəsənət həftəsi” dünyanın 20-dən çox ölkəsindən və demək olar ki, Rusiyanın bütün regionlarından art-obyektləri bir araya gətirib. Ekspozisiya klassik rəngkarlıq, abstrakt və avanqard incəsənət, portret ustalığı, qrafika, heykəltəraşlıq, fotoqrafiya, dizayn, müəllif kuklası, bədii toxuma, habelə dekorativ-tətbiqi sənət üzrə beynəlxalq müsabiqələri əhatə edir.
Müsabiqə işlərini qiymətləndirən ekspert şurasına müxtəlif ölkələrdən tanınmış incəsənət və art-industriya nümayəndələri daxildir.
Azərbaycanı müsabiqədə Əflatun İsrafilov təmsil edib. Onun işləri münsiflər heyəti üzvlərində və sərgiyə gələnlərdə böyük maraq doğurub.
Əflatun İsrafilov Qubada doğulub. Uşaqlıqdan idmanla məşğul olub və 2010-cu ildə özünün “Su yolu” adlı döyüş idmanı sənətinin əsasını qoyub və patent alıb. 2010-cu ildə 40 yaşında olarkən kətan üzərində ilk əsərini çəkib. O vaxtdan həyatında yeni mərhələ başlanıb. Əflatunun rəssamlıq təhsili yoxdur, heç kəsin yanında rəngkarlıq texnikasını öyrənməyib. Müəllif əsərlərini yaradanda doğma diyarın əsrarəngiz təbiətindən ilham alır.