Dünya kinosu
   
      
   Son illərin dünya kinosu şərti olaraq «uzağı görməyən neorealizm» adlandıra biləcəyimiz bir tendensiyanın yaranması ilə yadda qaldı. Bu tendensiyada Amerika və Avropa kinosunun mövzuya yanaşma tərzi, məziyyətləri diqqət çəkir. Əslində bu tendensiya ötən əsrin sonuna doğru, 90-cı illərdə özünü büruzə verməyə başlayıb.
   
   Bu dövrdə Amerika kinosu insan münasibətlərinin daxili aləmini, mənəvi dünyasını araşdırmağa üstünlük verməyə başladı. Amerikalılara elə gəlirdi ki, insanlar fərdi baxışlara sahib olduqları üçün munasibətlər də daimi olmur və adətən, qalmaqala gətirib çıxarır. Avropa kinosu da qloballıqdan imtina edərək bütün diqqətini mikroaləmdə, insanların kiçik sevinc və kədərində cəmləşdirdi.
   90-cı illərin ortalarında ingilis rejissoru Piter Helsomun “Aşiq-aşiq” filmi bu baxımdan diqqətəlayiq idi. “Aşiq-aşiq” filmi dəniz kənarındakı Blekpul şəhərində yaşayan klounlar dəstəsindən bəhs edən tipik ingilis komediyasıdır. Filmdə klounlardan birinin Amerikaya getməsi və ulduza çevrilməsindən bəhs edilir.
   
   “Təzə başlayanlar üçün italyan dili”
   
   2000-ci ildə Berlin kinofestivalında xüsusi peşəkarlığı ilə seçilməyən “Təzə başlayanlar üçün italyan dili” adlı İsveç komediyası qalib gələndə yuxarıda haqqında danışdığımız tendensiya rəsmi təsdiqini aldı. Laplandiyanın qarla örtülü düzənliklərindəki şəhərciklərdə bir neçə nəfər italyan dilini öyrənmək qərarına gəlir. Çörək mağazasındakı işinin öhdəsindən güclə gələn qızın (tez-tez çörəkləri əlindən salır, qulağı ağır eşidir və psixi problemləri var), keşişin, əyyaş anasının qayğısına qalan bərbərin, pis davranışlarına görə müştəriləri danlayan ofisiantın italyan dilinə hava-su kimi ehtiyacı var. Onların hamısı İtaliyaya getmək istəyir, çünki orada göyərçinlər var. Filmin düşkün atmosferinə baxmayaraq, qəhrəmanlar doğrudan da, İtaliyaya gedirlər.
   
   “Venera” gözəllik salonu”
   
   “Təzə başlayanlar üçün italyan dili”nin Berlin kinofestivalında uğurundan bir il sonra Avropanın yüksək kino mükafatını “Venera» gözəllik salonu” filmi qazandı. Bu film əsrlərdən bəri davam edən protestant və katolik etikası haqqındakı müzakirələrə sırf avropalı baxış idi. Filmdə oçerk janrının ənənələrinə uyğun olaraq aşağıdakı portretlər yaradılıb: Mopassan meşşanlarının varisləri, “əziz dost itkisindən” əziyyət çəkən Balzak xanımları. Gözəllik salonu bir anda cəmiyyətin ikimənalı metaforasına çevrilir. Film “Şanel” ətrinin çəhrayı-zümrüdü rəngində çəkilib. “Venera» gözəllik salonu” filminə mükafatı da elə “Şanel”ə görə veriblər. O özündə burjua Avropasının bütün tarixini əks etdirir.
   Rejissor Manuel Qomes Pereyranın “Ayaqların arasında”, Bryuno Dyümonun “İnsanlıq”, Patrik Şeronun “İntim” filmləri bu istiqamətdə aparılan axtarışların nümunələridir. Dominik Mollun “Harri, sizə yaxşılıq arzulayan dostdur”, Sedrik Kanın “Süstlük” filmləri şəxsiyyətin məhv edilməsi istiqamətini araşdırır. Daha doğrusu, mövcud dəyərlər nöqteyi-nəzərindən şəxsiyyətin mahiyyətini təhlil edir. Bu mənada “Harri, sizə yaxşılıq arzulayan dostdur” filmi ən inqilabi filmdir. Təsadüfi deyil ki, aktyor Sercio Lopes də bu filmdəki roluna görə Berlin kinofestivalının mükafatına layiq görülüb. Film şəxsiyyəti məhvetmənin klassik burjua modeli ilə yeni, postsənaye dövrünün “özü üçün yaşayan”, “özü üçün hər şeyə hazır olan” insan modelinin qarşıdurması haqqındadır.
   
   Erik Romer, Lars fon Trier və Nanni Moretti
   
   “Uzağı görməyən realizm” üslubunun yükünü çəkən rejissorların içində ən birinci yerdə Erik Romer və Lras fon Trierin adları gəlir.
   Fon Trier personajın az qala dərisinin altına girən çəkiliş üslubu ilə maraqlıdır. O, yeni minilliyi ən aktual stildə qarşılamağı təklif edib. Müxtəlif evlərdə, mənzillərdə qurulmuş kameralar Milad bayramında bişirilən qazı yeyən adamları çəkir. Həyat ət yeyə-yeyə pivə içən əhalinin gözü qarşısında keçib gedir.
   Lakin özünü müşahidə üsulunun avanqardı, əlbəttə ki, Erik Romerdir. Romerin müasir Avropa kinosuna təsiri böyükdür. Məhz onun qəhrəmanları yalnız özləri barəsində düşünmək haqlarını müdafiə edirlər. Romerin süjetlərinin mahiyyəti ondadır ki, onlar heyranedici ardıcıllıqla şəxsiyyətin öz müqəddəratını təyinetmə hüququnu isbata yetirirlər. Romerdə hər bir “mən” özü üçün qaydalar axtarır. Bu qaydaların heç biri sivilizasiyanın qanunlarına qarşı çıxmamalı və onları pozmamalıdır. Misal üçün, Romer məsləhətlər verir: “Şəxsi azadlığı sosial mifologiyanın içində axtarmaq lazımdır”.
   Trierdən və Romerdən fərqli olaraq, italyan rejissoru Nanni Moretti balaca insanların balaca sevinclərinin təsvirində o qədər də radikal deyil. O, bir-birinin ardınca film-gündəliklər çəkir.
   
   “Ameli” - detallar üçün ucaldılmış abidə
   
   Jan Pyer Jenenin “Ameli” filmi detallar üçün ucaldılmış abidədir. Ekran əsəri müşahidə etməyin, seyrdən həzz almağın pərəstişkarlarına mədhiyyədir. Ameli tez inanan, ona görə də həyatdan qorxan, amma güclü fantaziyaya malik bir qız kimi böyüyüb. Buna görə də özünəqapalı, həyat detallarına qarşı diqqətli və bu detallarla həyatda birbaşa üz-üzə gəlməkdən çəkinən biridir. Onun öz dunyasında bütün eksponatlar canlıdır. Ameli özü-özü üçün mikroskopdur. Onun baxışlarının fokusunda xırda detallar normal ölçülərə qədər böyüyürlər. Amelinin aktivliyi linzalarının altındakı birhüceyrəlilərin rəqsinə bənzəyir.
   Beləliklə, avropalılar Amerikanın siyasi nəzakətini nə qədər söysələr də, özləri öz günahları ucbatından məhv olanların qayğısına qalanda həddindən artıq sentimental olurlar. Sadəcə onlar insan davranışlarını ümumiləşdirən nəzəriyyələri sevmirlər. Aydındır ki, sivil və təminatli həyat sürən avropalılar lazımsız, əhəmiyyətsiz balaca elementləri görəndə onları dəstəkləməklə öz mahiyyətlərini yaxşılaşdırmaq istəyirlər.
   
   İntiqam Hacılı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar