Kino tariximizdən
   
   1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra ölkəmizdə kinematoqrafiyanın yeni mərhələsi başlandı. Kino yeni ideologiyanın - bolşevik ideologiyasının güclü təbliğat maşınına çevrildi. Həmin dövrdə sovet Azərbaycanına rəhbərlik edən Nəriman Nərimanov təbliğatın vəzifələri haqqında məqaləsində yazırdı: “Adamların məntiqi mühakimədən daha çox obrazlarla düşünməyə vərdiş etdikləri Şərqdə kütlələrin qabaqcadan tədrici hazırlığını təmin etməyən yeganə təbliğat vasitəsi kinodur”.
   
   20-ci illərdə Bakıda yenicə istifadəyə verilmiş I Dövlət Kinofabrikində çəkilən filmlər - “Mədənçi-neftçi istirahətdə və müalicədə”, “Əvəz-əvəzə”, “Müxtəlif sahillərdə”, “Gilan qızı”, “Vulkan üzərində ev” o dövrün mühüm və aktual problemlərinə toxunsa da, bədii səviyyəsinə görə heç bir şeylə fərqlənmirdi. Bununla belə həmin dövrdə müasir mövzuda və klassik ədəbi əsər əsasında çəkilmiş “Bismillah”, “Hacı Qara”, “Sevil” bədii filmləri kino sahəsində irəliyə doğru atılmış addım idi.
   1925-ci ildə istehsal olunmuş “Bismillah” filmi görkəmli teatr aktyoru Abbas Mirzə Şərifzadənin bədii kinoda ilk rejissor işidir. Sosial dram janrında çəkilmiş film o vaxtlar din əleyhinə çevrilmiş kino əsəri kimi təqdim olunmuşdu. “Azdövlətkino”nun idarə heyətinin sədri Şamil Mahmudbəyov 1928-ci ildə Azərbaycanın ilk milli kinorejissoru A.M.Şərifzadənin dövlət teatr səhnəsində fəaliyyətinin 20 illik yubileyi münasibətilə təqdim etdiyi arayışda deyilir: “Din əleyhinə olan “Bismillah” filmi böyük siyasi əhəmiyyətə malikdir. Məişət materialı ilə zəngin bu film Qərbi Avropa fəhlə nümayəndələri və Komintern tərəfindən təqdir edilmişdir”.
   N.Sadıxov və M.Mərdanovun “A.M.Şərifzadənin teatr və kino fəaliyyəti” kitabında da bu dəlil öz təsdiqini tapıb. Kitabda yazılıb: “Bismillah” yalançı mollaların törətdikləri iyrənc cinayətləri bütün çılpaqlığı ilə əks etdirən, din əleyhinə çevrilmiş qiymətli bir kino əsəri idi...”
   Əlbəttə, bu fikirlərlə heç cür razılaşmaq mümkün deyil. Məsələ ondadır ki, 20-ci illərin ortalarında Sovet İttifaqının müxtəlif yerlərində “Allahsızlar” adlı üzdəniraq cəmiyyətlər yaradılmışdı. Bu cəmiyyətlər vasitəsilə dinə qarşı kəskin mübarizə aparılır, hökumətin qərarı ilə məscidlər, kilsələr dağıdılır, ən yaxşı halda anbarlara çevrilirdi. Mollalar isə həbs olunub sürgünə göndərilirdi. “Bismillah” filminin istehsalı isə ölkədə din əleyhinə aparılan kampaniyanın ən qızğın vaxtına düşmüşdü. Əlaqədar təşkilatlar bundan çox vaxtında və yerində istifadə edə bildilər.
   Abbas Mirzə Şərifzadə elə bir şəxsiyyət, elə bir xarakterə, əqidəyə malik insan idi ki, onun vicdanı buna yol verə bilməzdi. Respublikanın Xalq artisti İsmayıl Dağıstanlı xatirələrinin birində bu fikri belə ifadə edib: “Abbas Mirzənin şəxsi həyatı və səhnə fəaliyyəti, əxlaqi və yaradıcılıq prinsipləri göstərir ki, o, həmişə məfkurəvi və tərbiyəvi məqsədlər izləmiş, demokratik və mütərəqqi bir etiqada malik olub”.
   Ona görə də qətiyyətlə demək olar ki, rejissor burada yalançı və fırıldaqçı mollaların şəriət pərdəsi altında “dilsiz-ağılsız”, yoxsul, bisavad kəndlilərin başına gətirdikləri oyunları göstərməyə çalışıb və buna nail olub. Bu film əslində dini fanatizm əleyhinə təşviqat-təbliğat məqsədilə yaradılmışdı.
   Filmdə söhbət Azərbaycan kəndlərindən birində yoxsul ailənin başına gətirilən oyunlardan gedir. Ailənin başçısı Qulunun üzü heç gülmür. Çünki uşaqsız ailənin sevinci az olur. Günlərin birində Qulu arvadı Zeynəbi götürüb kənd mollasının yanına gəlir. Qulu uşaqları olmadığını mollaya deyir. Molla bu işə bir əncam çəkəcəyinə söz verir. Lakin Quluya tapşırır ki, gələn dəfə arvadını tək göndərsin. Qadına yazacağı dua ailənin sevincinə, yəqin ki, səbəb olacaq...
   Bir neçə gündən sonra əyyaş molla Zeynəbi qəbul edir, onun bədənindən cini qovmaq məqsədilə namusuna təcavüz edir. Məhərrəm ayında Qulunun oğlu olur. Qulu həyətlərindəki yeganə toğlunu mollaya nəzir gətirir. Arzusunun həyata keçməsi münasibətilə Qulu məscidə gedib zəncir vurur, hətta yenicə doğulmuş uşağın başına bir neçə yerdən ülgüc çəkir. Aşura (Məhərrəm ayının 10-u - red.) günü körpə ölür. Qulu mollanın yaxasından yapışıb deyir: “Sənin məsləhətinlə körpənin başına ülgüc çəkdik. Körpə də həlak oldu...” Mollanın cavabı qısa olur: “Körpəni sənə Allah vermişdi, Allah da aldı. Allahın məsləhəti belə imiş...”
   Bundan sonra Qulunun ailəsində bir sıra hadisələr baş verir. Bisavadlığı və avamlığı ucbatından Qulunun başı bəlalar çəkir. “Ruhani adamlar Allahın yaxın bəndələridir. Onlar Allahın buyruqlarını yerinə yetirənlərdir”. Bu sözlərlə kəndlilərin başını qatan kənd mollasının bir gün fırıldaqları aşkara çıxır. Xalq məhkəməsi yaramaz və alçaq işlərlə məşğul olan yalançı mollanın həbs olunması haqqında hökm çıxarır...
   Yazıçı P.Blyaxinin ssenarisi əsasında çəkilmiş, milli koloritlə yoğrulmuş, özünəməxsus yaradıcılıq dəst-xətti ilə həll olunmuş “Bismillah” filmi bədii kino sənətimizin inkişafında ilk dəyərli addım idi. Burada ilk dəfə olaraq, Azərbaycan qadınının köhnə adət-ənənələrə qarşı fəal etirazını görürük.
   A.M.Şərifzadənin kinorejissor kimi bu filmdəki uğurlarından biri çəkilişə dəvət etdiyi gözəl aktyor ansamblıdır: istedadlı və xalq içərisində çox populyar komik aktyor olan Mirzəağa Əliyev şəhvət düşkünü, əyyaş və fırıldaqçı molla rolunu parlaq və satirik manerada ifa etmişdi. Aktyorlardan Mirseyfəddin Kirmanşahlı mülkədar, M.Mərdanov Qulu, Kazım Ziya Rövzəxan, K.Vyazkova Zeynəb, M.Sənani qoçu, T.Vişnevskaya Gülzar rollarınu uğurla oynamışdılar.
   O illərdə əhalinin bir hissəsi kinonu şeytan əməli, ekranda görünən adamları isə şeytan balaları adlandırırdı. Belə bir vaxtda böyük dramaturq Cəfər Cabbarlı öz körpəsini - balaca Aydını kinostudiyaya gətirir və “Bismillah” filmində Qulunun təzəcə doğulmuş uşağı rolunda çəkdirir.
   Rejissorun kütləvi səhnələrdə nail olduğu həyatilik və gerçəkliyin zəngin boyalarla təsviri ümumittifaq kino mütəxəssislərinin diqqətindən yayınmamışdı. A.M.Şərifzadə filmin mürəkkəbliyini və aktuallığını nəzərə alaraq, böyük həvəslə çəkilişləri aparmışdı. O, filmə lazım olan rekvizit, kostyum və qrimi Bakının müxtəlif teatrlarından almışdı.
   “Bismillah” filmi yenicə çəkilib başa çatdığı vaxt Almaniya kino şirkətinin nümayəndələri Bakıda imiş. Onlar İrandan Berlinə qayıdarkən şəhərimizin qonağı olurlar. Kinofabrikdə qonaqlara “Bismillah” filmi göstərilir və film onların çox xoşuna gəlir. Hətta qeyd edirlər ki, Azərbaycanın məişət və ənənələrini göstərən epizodlar yüksək keyfiyyətlə həll edilib, çəkilən toy dəstgahı və məhərrəmlik mərasimi onlarda dərin təəssürat yaradıb. Onlar indiyə kimi kino aləmində belə ənənəvi epizodlar görməyiblər. Nümayəndə heyətinin başçısı Maks Bruxmüller onu da deyib ki, təchizat cəhətdən o qədər yüksək səviyyədə olmayan kinofabrikdə belə bir filmin çəkilməsi böyük uğurdur.
   Kino əsərində aktyor M.Mərdanovun iştirakı ilə çəkilmiş “şaxsey-vaxsey” epizodu baxımlıdır. Bu epizod məhərrəmlik vaxtı Bibiheybət məscidində gizli şəkildə çəkildiyi üçün maraq doğurur. “Gizli kamera” yaradıcılıq metodu Azərbaycanda ilk dəfə “Bismillah” filmində (II rejissor və quruluşçu operator A.Yalovoy idi) həyata keçirilib. Həmin səhnənin filmə necə alındığı barədə aktyor M.Mərdanov “50 il Azərbaycan səhnəsində” kitabında ətraflı söhbət açıb.
   A.M.Şərifzadə öz xalqının tarixini, onun milli xüsusiyyətlərini və adətlərini, psixologiyasını və məişətini yaxşı bilirdi. Materialı belə gözəl bildiyinə görə ekranda baş verən əhvalatlar bütün rəngarəngliyi, reallığı ilə tamaşaçını inandırır, düşündürür. Bu baxımdan “Bismillah” əvvəlki filmlərdən çox fərqlənir.
   
   Aydın Kazımzadə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar