İnformasiyanın həddindən artıq bol olduğu indiki zamanda ədəbi-bədii məhsulun yeri çox daralıb. Belə bir şəraitdə oxucu kütləsinin diqqətini cəlb etmək, müəyyən bir əsəri cəmiyyətin həyatında bədii hadisəyə çevirmək çox mürəkkəb məsələdir.
   Bu problemlər ətrafında müzakirə açaraq mövzu ilə bağlı bir sıra tədqiqatçı alimlərə aşağıdakı suallarla müraciət etdik: Son on ildə oxuduğunuz roman hansıdır? Müasir Azərbaycan ədəbiyyatında diqqətinizi cəlb edən müəllif kimdir? Ədəbiyyatımızın bugünkü durumunu necə dəyərləndirirsiniz?
   
   Professor Tofiq Hüseynoğlu:
   
   - Son on ildə daha çox klassikləri oxumuşam. Nəsimi, Füzuli və digərləri. Amma bununla yanaşı, müasir ədəbiyyatı da izləyirəm. Müasir dövrdə mənim diqqətimi cəlb edən əsərlər Kamal Abdullanın “Yarımçıq əlyazma”, Seyran Səxavətin “Nekroloq” romanlarıdır. Həmçinin “Yəhudi əlifbası”na da yüksək dəyər verirəm.
   Seyran Səxavət mənim üçün maraqlı yazıçıdır. O, əsərlərindəki fikirlərini maraqlı bir planda verməyi bacarır. Onun poeziyasını da çox izləmişəm. “Mənim subay planetim ” şeiri ilə yaddaşıma hopub. “Qızıl teşt” povestini isə xüsusi qeyd etmək lazımdır. Ümumiyyətlə, onun ədəbiyyata gətirdiyi problemlər maraqlıdır. Yaxud İlqar Fəhmi. Onun da yazıçılıq manevrası, qaldırdığı problemlər, hadisələrə yanaşma tərzi fərqlidir. Məsələn, “Akvarium” romanında azadlıq problemi qoyulub. İnsan azadlığı məsələsi ki, bu problem çox işlənmiş olsa da, onun məntiqində orijinal görünür.
   Ancaq biz bu günləri etiraf etməliyik ki, bütün yazıçıların yaradıcılığı ilə tanış ola bilmirik, ola bilsin ki, bizim diqqətimizdən kənarda kifayət qədər maraqlı əsərlər var. Elə əsər də var ki, bu gün o çap olunmur, amma gələcəkdə zamanımızın sədasına çevrilə bilər.
   Bununla yanaşı, əxlaqdan uzaq faktlar da bu gün ədəbiyyata gətirilir. Qətiyyən düzgün deyil! Bunu adətən satışa görə edirlər. Bir də bu yazıçının bədii zəifliyindən xəbər verir. O normal düşüncə daxilində yenilik edib oxucunu maraqlandıra bilmədiyinə görə bu yola əl atır. Belə mövzularda yazan müəlliflərdən bəziləri isə əsəri başdan-ayağa bu tipli faktlarla doldurular ki, belə əsərə bədii nümunə demək olmaz.
   Yazıçı ilə oxucu arasındakı bağların ciddi şəkildə zədələndiyini diqqət mərkəzinə gətirən professor fikrini belə əsaslandırdı: “Bu gün ədəbiyyatın oxunmama səbəbini zəifliklə əlaqələndirmək düzgün olmazdı. Az-çox yazılan əsərlər zəif deyildir. Bu əsərlər Azərbaycan ədəbiyyatının əvvəllər olduğu kimi, yenə dünya ədəbiyyatı ilə əlaqəsinin olduğunu göstərir.
   Ədəbiyyatın oxunmamasının səbəbi oxucuların günahıdır.
   Problemlərdən biri də bədii əsərlərin çapı məsələsidir. Yazıçı kitabı çap etdirir, amma yalnız onu öz ətrafında yayır. Kitabın yayılmasında problem vardır. Kitablar kitabxanalara göndərilmir. Biz televiziya ilə hadisələr barədə məlumat alırıq, amma burda çıxan kitabları bir ildən sonra əlimizə ala biliriksə, bu böyük hünər olur. Gərək müəlliflə tanış olasan. Ədəbi prosesdən uzaq düşməyin səbəblərindən biri də işin məhz belə qurulmasıdır».
   
   AMEA-nın Folklor İnstitutunun şöbə müdiri, filologiya elmləri namizədi Seyfəddin Rzasoy:
   
   - Sözün düzü, son on ildə mütaliəm zəifləyib. Cəmi iki irihəcmli romanı oxumuşam. Daha doğrusu, diqqətimi cəlb edənlər bunlardır; “Maestro” və Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı. Hər iki əsər müəyyən keyfiyyətləri etibarilə Azərbaycanda heç vaxt öz inkişafını dayandırmamış roman yaradıcılığı sahəsindən üzvlənərək ayrılmış cəhətlərlə diqqəti cəlb edən nümunələrdir. Qaldı ki bu əsərlərin hansı keyfiyyət daşıması, bədii mündəricəyə malik olması məsələnin digər tərəfidir. Ancaq düzünü desəm, bu gün romanların oxunması, oxucu tərəfindən dəyərləndirilərək həyat faktına çevrilməsi bir qədər zəif gedir. Bunun isə öz səbəbləri var. Bu səbəblərdən ən birincisi ondan ibarətdir ki, hər bir orqanizmin müəyyən bir tələbatı var. Məsələn, insan yeməyə olan tələbatını müxtəlif qidalarla, oksigenə olan tələbatını hava almaqla, yuxuya olan tələbatını yatmaqla ödəyir. Bundan əlavə insanın estetik ehtiyacları da vardır ki, bu gün bu daha çox alternativ qaynaqlar vasitəsi ilə ödənilir. Sovet dönəmində roman daha çox oxunurdu. Çünki insanların bədii ehtiyaclarını televiziya bu qədər ödəyə bilmirdi. İndi bizim əlimizin altında peyk antenaları vasitəsi ilə 250-300, hətta 600 yaxın telekanal vardır. Və dünya ədəbiyyatının ən müxtəlif əsərləri ekranlaşdırılır. İnsan televiziya qarşısında oturub bədii-estetik cəhətdən çox zəif romanları özünün təqdimatının asanlığı hesabına, yəni televiziya formatında izləyə bilir. Bəzən bu insanı yorur da.
   Əsərin kino formatında aktyor işi, musiqi tərtibatı, görüntü rəngarəngliyi və s. kimi üstün cəhətlər yer alır. Roman isə kitab formatında olduğu üçün bu keyfiyyətlərdən məhrumdur. Lakin bütün bunlarla bərabər, heç bir televiziya, heç bir radio kitabla ünsiyyətin məhz ona məxsus formasını əvəz eləyə bilməz. Buradan artıq məsələ gəlib çıxır əsl mahiyyətin üzərinə ki, bu məhz rəqabətdir. Yazıçılar bir növ televiziya, radio verilişləri ilə rəqabətdədirlər. Bu qədər informasiya bolluğu içərisində, tutaq ki, televiziya, radio, internet və s. romanı göstərə bilmək, oxucuya çatdırmaq əsl istedad tələb edir. Belə bir zamanda yaradılacaq əsərləri və onların müəlliflərini çox ciddi rəqabət məkanı gözləyir. Ədəbiyyatı bu mühitin içərisində yaşatmaq, hər hansı bir roman üçün Azərbaycan mühitində gerçəkdən bir əlli oxucu tapa bilmək sovet dönəmindəki əlli min oxucu tapa bilməkdən hünərli hadisədir. Bax bunu mən bir filoloq kimi qeyd edirəm.
   
   Hazırladı: Hikmət