Türkiyədə kino sənayesi hələ keçən əsrin 90-cı illərindən dirçəlməyə başlayıb. Bu proses isə birdən-birə baş verməyib. Buna qədər türk kinosu müxtəlif yollar keçib. Saysız-hesabsız sentimental filmlər türk kinosunun nüfuzuna xələl gətirsə də, bu qaynar proses zamanı peşəkar kino mütəxəssisləri şəxsi studiyalarını yaratdılar. Nəticədə bu gün türk filmlərinin sorağı Kann, Berlin, Venesiya kimi “A” kateqoriyalı festivallardan gəlir. Amerika Kino Akademiyası tərəfindən keçirilən “Oskar” müsabiqəsində Türkiyənin “Üç meymun” (rejissor Nuri Bilgə Ceylan) filmi mükafat ala bilməsə də, 9 film sırasına düşməyi bacardı.
   Bununla yanaşı, Türkiyənin özündə də müxtəlif kinofestivallar keçirilir. Türkiyə kinofestivalların sayına görə dünyada ilk 20 ölkə arasındadır. Burada festivallar əsasən sentyabr ayından başlayır və ilin sonunadək kinosevərlər müxtəlif şəhərlərdə kino bayramının şahidi olurlar.
   
   VII Akbank Qısa Film Festivalına filmlərin qəbulu başlanıb
   
   Bu il yeddinci dəfə keçiriləcək Akbank Qısa Film Festivalının proqramında təşkilat komitəsi kinosevərlər üçün sürpriz bir mühit yaradacağını elan edib. Festivala film göndərmək istəyənlərin dekabrın 4-dək vaxtı var. Müsabiqəyə qatılan və ilk mərhələni keçən filmlər festivalın əsas qısa filmlər bölməsinə adlayacaq. Bu bölmədə iştirak hüququ əldə edən filmlər festivalda tamaşaçılara göstəriləcək.
   VII Akbank Qısa Film Festivalında bədii və sənədli filmlər ayrıca yarışacaq. Filmlər təyin ediləcək iki ayrı münsiflər heyəti tərəfindən hər iki kateqoriyada “ən yaxşı film" seçiləcək. Ekran əsərlərinin rejissorları “Akbank Sənət” tərəfindən “ən yaxşı bədii film” və “ən yaxşı sənədli film” nominasiyasında hər biri 8 min lirə (təxminən 4 min manat - red.) civarında mükafatlandırılacaq.
   
   XVII Adana Film Festivalı sentyabrda başlayır
   
   Baş mükafatı “Qızıl Barama” olan Adana Film Festivalı bu il yenidən proqramlaşdırılıb. 20-26 sentyabr tarixində keçiriləcək festivalda qısametrajlı bədii və sənədli filmlərə böyük önəm veriləcək. Festivalda filmlər “Aralıq Dənizi Ölkələrinin Qısa Film Yarışması” və “Tələbə Filmləri Yarışması” bölməsində göstəriləcək.
   
   IV İstanbul Beynəlxalq Memarlıq və Şəhər Filmləri Festivalı
   
   Ənənəvi olaraq İstanbul Beynəlxalq Memarlıq və Şəhər Filmləri Festivalı hər il oktyabr ayının ilk bazar ertəsi günü başlayır. 2007-ci ildən “İstanbul Beynəlxalq Memarlıq və Şəhər Filmləri Festivalı” adı altında keçirilən festivalın əsas mövzusu memarlıqdır. Festivalın təşkilatçısı olan Türkiyə Memarlar Mərkəzinin hədəfi bu sahəyə marağı olan mütəxəssislərin aktiv iştirakını təmin etməkdir. Onlar bu festivalı özlərinin “Memarlıq və Şəhər şənliyi” adlı tədbirlər çərçivəsində proqramlaşdırırlar.
   İstanbul Beynəlxalq Memarlıq və Şəhər Filmləri Festivalı daxilində milli və beynəlxalq olmaq üzrə iki ayrı kateqoriyada müsabiqə təşkil edilir və mükafatlar verilir. İstanbulun 2010-cu ildə Avropa Mədəniyyət Paytaxtı olması ilə bağlı ayrıca “İstanbul mövzulu filmlər” arasından seçiləcək filmlərə də xüsusi mükafatlar nəzərdə tutulub.
   
   Türkiyə-Almaniya Film Festivalı
   
   Türklər ölkə daxilindəki kinofestivallarla yanaşı, milli kinolarını xarici ölkələrdə təbliğ etmək məqsədilə müxtəlif adlar altında festivallar da təşkil edirlər. Onlardan biri də gələn il Nürnberqdə (Almaniya) 17-27 mart tarixində 16-cı dəfə keçiriləcək Türkiyə-Almaniya Film Festivalıdır. Festival Türkiyə kinosunu xaricdə daha yaxşı təmsil etmək və Türkiyə-Almaniya arasındakı mədəni əlaqələri inkişaf etdirmək məqsədi daşıyır. Artıq təşkilat komitəsi festivalın ilkin işlərinə başlayıb. Onlar rejissorları filmləri ilə Türkiyə mədəniyyətini təbliğ etmək üçün festivala dəvət ediblər. Maraqlıdır ki, festivalda göstəriləcək filmlərə pul mükafatları da ayırıblar. Ən yaxşı tammetrajlı bədii film üçün 5000 avro, ən yaxşı qısametrajlı film, ən yaxşı aktyor və ən yaxşı aktrisa üçün ayrı-ayrılıqda 1000 avro nəzərdə tutublar.
   Festivalda “Kino Dünyası Türkiyə” adı altında tammetrajlı bədii filmlərlə yanaşı, qısametrajlı bədii və sənədli filmlər nümayiş etdiriləcək.
   
   XI Beynəlxalq İzmir Qısa Film Festivalı
   
   Türkiyədə ən nüfuzlu qısa film festivalı sayılan Beynəlxalq İzmir Qısa Film Festivalı isə hər ilin noyabr ayında keçirilir. İzmir Kino Dərnəyi tərəfindən təşkil edilən kinofestivalda 60-70 ölkədən film iştirak edir. XI Beynəlxalq İzmir Qısa Film Festivalı Türkiyədə bircə yarışma bölməsi olan yeganə kinofestivaldır. Burada yalnız qısametrajlı filmlər yarışır. Festivalın 500 min lirə büdcəsinin 20 faizi Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ödənilir.
   Qeyd edək ki, Türkiyədə daha nüfuzlu İstanbul Beynəlxalq Kino Festivalı və Antalya Beynəlxalq Kino Festivalı (“Qızıl Portağal”) da keçirilir. Türk şəhərlərində bələdiyyələr tərəfindən hər il yüzlərlə yerli və beynəlxalq film müsabiqələri təşkil edilir. Bir sözlə, ölkədə festivalların sayı çoxalmaqla yanaşı, keyfiyyətləri də yüksəlir. Artıq Türkiyədə böyük bir festival rəqabəti yaranıb.
   
   İntiqam Hacılı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar