Ermənilər Malatya Beynəlxalq Film Festivalına qarşı iddia irəli sürüblər
   
   Türkiyədə bu il 26 noyabr - 2 dekabr tarixində ilk dəfə keçiriləcək Malatya Beynəlxalq Film Festivalı qalmaqala səbəb olub. Daha doğrusu, Ermənistan sözügedən festivalda baş mükafatın “Qızıl Ərik” adlandırılmasına qarşı çıxaraq beynəlxalq məhkəmədə iddia açacağını bildirib. Qeyd edək ki, 2004-cü ildən Ermənistanda “Qızıl Ərik” adı ilə kinofestival keçirilir.
   
   Malatya valisi Ülvi Qucaqlayan isə keçirəcəkləri festivalın adında “Qızıl Ərik” sözünün olmadığını diqqətə çatdırıb: “Təşkil edəcəyimiz festivalın adı “Malatya Beynəlxalq Film Festivalı”dır. Bu, Ermənistandakı festivalın adı ilə qətiyyən uyğun gəlmir. Sadəcə, bizim festivalda veriləcək əsas mükafatın adı “Qızıl Ərik”dir”.
   Vali Ermənistanın haqsız iddia irəli sürdüyünü vurğulayıb. O, daha sonra bildirib ki, Malatya valiliyi, Malatya Ərik Vəqfinin təşkilatçılığı, Malatya bələdiyyəsinin və İnönü Universitetinin dəstəyi ilə keçiriləcək festivala Ermənistanın iddia bildirməsinə əsas yoxdur: “Əgər biz “Qızıl Ərik Beynəlxalq Film Festivalı” keçirsəydik, onların istifadə etdiyi addan bəhrələnmiş olardıq. Necə ki, Berlindəki film festivalının mükafatı “Qızıl Ayı”, Antalyadakı “Qızıl Portağal”, Adanadakı “Qızıl Barama” adlanır, bizim də mükafatımızın adı “Qızıl Ərik”dir”.
   Vali onu da vurğulayıb ki, Malatya ərik istehsalında dünyada birinci yeri tutur: “Dünya üzrə əriyin 75 faizi məhz Malatyada yetişdirilir, məhsulumuz 82 ölkəyə ixrac edilir. Əldə etdiyimiz məhsulun 90 faizini Avropa Birliyi ölkələrinə göndəririk. Ərik becəririksə, təbii ki, keçirəcəyimiz festivalın mükafatının adını da “ərik” qoymağa haqqımız var”.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar