Televiziya kanallarımızda yayımlanan verilişlərin keyfiyyətindən çox yazılır.
   Hər tamaşaçının öz zövqü var. İnanmıram ki, bu qədər kanal bolluğunda kimsə özü üçün maraqlı olan bir veriliş tapmasın. Amma söhbət bizim öz kanallarımızdan gedəndə məsələ bir qədər fərqlidir. Bu gün efirimiz şou-biznes, bazar söhbətləri, əttökən, yüngül verilişlərlə o qədər yüklənib ki, sanki çəkib göstərməyə, tamaşaçını əyləndirməyə və onun zövqünü oxşamağa ayrı bir şey yoxdu. Mənim də tamaşaçı kimi öz zövqüm var. Mənim üçün mənəvi dəyərlərlə bağlı söhbətlər, ədəbi diskussiyalar, eşitmədiyim yeni, maraqlı şeirlərin səsləndirilməsi, istedadlı şair və yazıçıların fikirləri (davası yox), tədqiqatçı və tənqidçilərin müzakirələri daha maraqlıdır, nəinki səsi olmayan, dünən səhnəyə çıxan 18-20 yaşlı bir ifaçının qarderobu, mənasız fikirləri, atılıb-düşməyi və s... Axı intellektual verilişlərin də tamaşaçısı az deyil. İnsan həmişə nəyisə öyrənməyə can atır, yeni söz eşitmək, yaxşı bir psixoloqun məsləhətlərini dinləmək istəyir, sanballı sənət, ədəbiyyat adamlarının qiymətli fikirlərini hava, su kimi qəbul edir. İnsafən deyək ki, bu cür verilişlər də var. Bu baxımdan İctimai Televiziya mənəvi dəyərlərə daha çox yer ayırır. Tamaşaçıda gözəl ovqat yaradan «Ovqat» verilişini isə ayrıca qeyd etmək istərdim. Digər kanallarda da bədii-musiqili verilişlərə yer verilir. Ancaq bu verilişlərin səmimiliyi, ruhu adamı qane eləmir, nəsə bir sönüklük, cansızlıq hiss olunur. Efirdə birdən elə şairləri görürsən ki, sözlərindən çox «özləri» görünür və ha baxırsan onlar sənə tanış gəlmir. Tamaşaçı gözəl nümunə-bədii mətn gözləyir, amma əvəzində elə söz quraşdırmaları eşidir ki, nə könlü, nə də ruhu sevinir. Bir də söylənilən nümunələri sanki min ildir eşidirmiş kimi dinləmək istəmirsən, çünki yeni heç nə eşitmirsən. İstedad olmayan yerdə heç nə olmur. Və yaxud başqa kanallarda guya cavanlara yer ayırırlar. Ancaq yenə də ürəkaçan mənzərə ilə rastlaşmırıq. Ona görə ki, belə verilişlərə əsl istedad əvəzinə, kiminsə dostu-tanışı və bəlkə də, qohumu olan gənc şairlər dəvət olunur (Şair sözünü ucuzlaşdıranlar). Hələ onları təqdim edən aparıjıları demirəm. Onların müsahiblərinə verdiyi suallardan elə bir təəssürat yaranır ki, sanki aparıcı ömründə nə bir şer, nə də bir hekayə oxumayıb, ümumiyyətlə onun ədəbi aləmdən xəbəri yoxdur. Odur ki, belə söhbətlərin «şirinliyini» təsəvvür etmək çətin deyil.
   Yaxşı yadımdadır ki, əvvəllər, (onda digər kanallar yaranmamışdı). Azərbaycan Televiziyasında ədəbi mühitlə, poeziya ilə bağlı maraqlı verilişlər, diskussiyalar yayımlanırdı. Həmin verilişlər tamaşaçıların bizə xoş təsir bağışlayırdı. Yenə də deyirəm, bu gün də mənəviyyatla, ədəbiyyatla bağlı verilişlər var, amma maraqsızları daha çoxdur. Bu gün meyxanaya daha çox yer verilir. Amma verilişlərin pik vaxtında meyxananın yayımlanması çox gülünc görünür. Bizdə axın həmişə bir istiqamətə yönəldiyindən başqa tərəflər unudulur. Yaxud da sanki beş-on nəfərdən başqa ayrı bir şair, yazıçı yoxdur efirə çıxarmağa. Tutaq ki, birinin bütün avtobioqrafiyasını tamaşaçı beş barmağı kimi bildiyi halda başqalarını, bəlkə daha istedadlılarını ümumiyyətlə tanımır. İTV-də çox sevdiyim şair Vaqif Bayatlı Odərin çıxışını adamlar hələ unuda bilmir, məqam düşəndə həmin verilişdən nümunələr gətirir. Onun səmimi söhbətindən, dünyaya, insana sevgi dolu şeirlərinin cazibəsindən tamaşaçı hələ də ağızdolusu danışır. Axı televiziyanın təsir gücü daha böyükdür. Elə ona görə də bu gün, harada olursansa uşaqlardan bunu eşidirsən; «Davay bebe, necədür səninçün, yaxcudur?» Aşıq gördüyünü çağıran kimi, uşaq da eşitdiyini təkrarlayır, özü də bilmədən...
   
   Mina RƏŞİD