![](/img/news/700x420/22921.jpg)
Azərbaycanın Əməkdar rəssamı Faiq Ağayev 20 ildir ki, Türkiyədə yaşayır, fəaliyyət göstərir. O, 1943-cü ildə Bakı şəhərində anadan olub. İlk ixtisas təhsilini Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbində alıb. 1964-1970-ci illərdə İ.Surikov adına Moskva Dövlət İncəsənət İnstitutunda təhsilini davam etdirib.
1972-ci ildən SSRİ Rəssamlar İttifaqının üzvü seçilən fırça ustası 1974-1982-ci illərdə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbində, 1982-1996-cı illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim işləyib. 1996-cı ildən Türkiyənin Bursa şəhərindəki Uludağ Universitetində pedaqoji fakültənin rəsm bölümündə işə başlayıb. O vaxtdan Bursada yaşayır.
Rəssam deyir: “Hər gün axtarışlarım davam edir. Zaman dəyişdikcə maraq və fikirlərim də dəyişir. Özümü hər hansı sənət cərəyanına aid etmirəm, ancaq kubizmə yaxınlığım var”.
Özünü Azərbaycan mədəniyyətinə çox bağlı hesab edir: “Xalqımızın zəngin mədəniyyəti var, mən bu böyük xəzinəyə bağlıyam. Muğamı çox sevirəm, tez-tez dinləyirəm”.
Sənətkar Azərbaycan rəssamlığında parlaq səhifələrin çox olduğunu söyləyir: “Azərbaycanda, eləcə də Türkiyədə rəssamların dolanışıq durumu ürəkaçan deyil. Rəssamlıq tariximizdə çoxlu parlaq səhifələr var. İstedadlı rəssamlarımız çox olub, bu gün də var”.
![](http://medeniyyet.az/img/mid/22922.jpg)
Rəssamın müəllimi M.Abdullayev haqqında xoş xatirələri var: “Mikayıl müəllimlə yaxınlığım, dostluğum vardı. 1970-ci illərdə onun portretini işləmişdim, həmin əsəri Mədəniyyət Nazirliyi almışdı”.
F.Ağayev sənətə münasibət məsələsindən söz açarkən o vaxtlar sərgilərin ciddi müzakirəsinin getdiyini qeyd edir: “Hər bir sərginin ciddi müzakirəsi olardı. Bir dəfə rəssam Fikrət Bağırov natürmort sərgiləmişdi. Sərginin müzakirəsinə o vaxtkı mədəniyyət naziri Zakir Bağırov gəlmişdi. Çox danışdılar, sonda söz nazirə verildi. O, xeyli danışandan sonra natürmorta münasibət bildirdi: “Natürmort sənət deyil”, - dedi. Hamı çaşıb qaldı. Bu söz mənə aid olmasa da, içimdə qərar verdim ki, bundan sonra yaradıcılığımda natürmorta geniş yer ayıracağam. O gündən indiyə kimi natürmort janrında əsərlər yaradıram. Ən çox müraciət etdiyim digər janrlar portret və mənzərədir”.
Gələcək planlara gəldikdə, rəssam əsərlərini yeni kataloqda bir araya gətirmək fikrindədir.
S.Qaliboğlu