COP29 Azərbaycan Əməliyyat Şirkəti ictimaiyyətin diqqətinin aktual iqlim problemlərinə yönəldilməsi və fəal maarifləndirmə məqsədilə reallaşdırılan müxtəlif yönümlü təşəbbüslərin davamı olaraq, “İqlim fəaliyyəti fotoobyektivdə” adlı beynəlxalq fotomüsabiqə elan edir.

Əməliyyat Şirkətinin mətbuat xidmətindən bildiriblər ki, qlobal miqyasda fotoqrafları iqlim dəyişmələri mövzusunda vizual dialoqa dəvət edən bu layihənin əsas məqsədi fotohekayələr vasitəsilə iqlim problemlərinə yeni baxış bucağı ilə yanaşılması və müasir sənət alətləri vasitəsilə qlobal fəaliyyətin stimullaşdırılmasıdır.

Fotomüsabiqənin konseptual xətti COP29 konfransının mövzuları ilə ahəngdə olaraq dünyanın hər yerində məskunlaşan icmalara, onların mədəni həyatı və ətraf mühitin qorunmasındakı roluna, eyni zamanda, iqlim dəyişmələrinin landşaft və ekosistemlərə təsiri, bu təsirlərə məruz qalan flora və faunaya yönəlib. Belə ki, meşələrin və biomüxtəlifliyin mühafizəsi, su ehtiyatlarının idarə olunması, dayanıqlı kənd təsərrüfatı, iqlim dəyişmələrinə adaptasiya, mədəni irsin qorunması kimi mövzular layihənin tematik əsasını təşkil edir.

Ümumilikdə müsabiqəyə qəbul edilən fotoşəkillər “İqlim dəyişmələrinin təsirləri”, “İqlim həlləri və innovasiyalar”, “Gənclər və təhsil”, “Flora və fauna” olmaqla dörd müxtəlif kateqoriya üzrə təsnifatlandırılacaq. Fotoşəkillər yaradıcı yanaşma, texniki bacarıq, təsirli mesaj mahiyyəti kimi müxtəlif meyarlar üzrə ekspertlər qrupu tərəfindən qiymətləndiriləcək. Qalib fotoqrafların çəkdiyi fotoların COP29 konfransı zamanı xüsusi ekspozisiyada yer alması onlara istedadlarını dünyaya tanıtmaq imkanı yaradacaq. Bununla yanaşı, seçilən fotoşəkillər konfransın rəsmi veb-saytı və sosial media kanalları daxil olmaqla müxtəlif platformalarda geniş nümayiş etdiriləcək.

Qeyd edək ki, müsabiqənin texniki tələb və şərtləri barədə daha ətraflı məlumatları https://cop29.az/az/pages/the-climate-action-in-focus linkinə keçid etməklə əldə edə bilərsiniz. Layihəyə qəbul prosesi onlayn şəkildə sentyabrın 15-dək davam edəcək. Bu iqlim hərəkatına qoşulmaq niyyətində olan həvəskar və peşəkar fotoqraflar qeyd edilən tarixədək öz müraciətlərini photo.exhibition.cop29@cop29.az elektron poçtu vasitəsilə göndərə bilərlər.