İstehsalata buraxılan bir neçə ekran əsərinin çəkilişləri isə gələn ilin əvvəlinədək yekunlaşacaq
   
    2010-cu ildən başlayaraq Mədəniyyət və Turizm Nazirliyi tammetrajlı bədii filmlərin istehsalını C.Cabbarlı adına “Azərbaycanfilm” və “Salnamə” kinostudiyalarında həyata keçirir. İlin əvvəlində “Azərbaycanfilm” kinostudiyasında “Tərsinə çevrilmiş dünya” (rejissor Ənvər Əbluc), “Qisas almadan ölmə” (rejissor Oqtay Mirqasımov) və “Qardaşdan yaxşısı yox imiş” (rejissor Murad İbrahimbəyov), ilin ortalarında isə “Salnamə” kinostudiyasında “Onun ürəyi” (rejissor Samir Kərimoğlu) və “Mən evimə qayıdıram” (rejissor Şamil Əliyev) filmləri istehsalata buraxılıb. Tamamlanmaq üzrə olan və çəkilişlərinə başlanan bədii filmlərin son durumu barədə Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsi müdirinin müavini Müşfiq Hətəmovdan məlumat aldıq.
   
   “Kuklalar” və “Ölüm növbəsi” hazırdır
   
   Müşfiq Hətəmovun bildirdiyinə görə, “Kuklalar” və “Ölüm növbəsi” tam olaraq hazırdır. Rejissoru Çingiz Rəsulzadə, ssenari müəllifləri Ramiz Fətəliyev və Çingiz Rəsulzadə, operatoru Yuri Varnovski, rəssamı Rövşən Mehdiyev olan “Kuklalar” filmində ötən əsrin 80-ci illərinin sonunda Bakıda peyda olan canlı kuklalardan söz açılır.
   Rejissoru Fikrət Əliyev, ssenari müəllifi İlqar Fəhmi olan “Ölüm növbəsi”ndə isə hadisələr Bakı kəndlərində baş verir. Operatoru Rafiq Quliyev, rəssamı Mayis Ağabəyov, bəstəkarı Səyavuş Kərimidir. Çəkilişlər Novxanı, Bilgəh, Buzovna və digər Bakı kəndlərində aparılıb. Hər iki filmin payız aylarında təqdimatı gözlənilir.
   
   “Aktrisa”, “Vəkil hekayətləri” və “İlahi heyvan”
   
   Yerdə qalan digər filmlərin də əksəriyyətinə ilkin baxışlar keçirilib. Həmin filmlərin üzərində son tamamlama işləri gedir. Rejissoru Rövşən İshaq, ssenari müəllifləri İlqar Fəhmi, Rövşən İshaq və Vüqar Əmirov olan “Aktrisa” filminin çəkilişləri başa çatıb. Film üzərində tamamlanma işləri dekabrda yekunlaşacaq. İlqar Fəhminin eyniadlı povesti əsasında çəkilən ekran əsərinin operatoru Rövşən Cavanşiroğlu, bəstəkarları Nazim Əhmədov və Vasif Arifoğludur. Çəkilişləri Bilgəhdə, Bakının küçələrində və Gəncədə aparılıb.
   Bir vəkilin başına gələn hadisələrdən bəhs olunan “Vəkil hekayətləri” filmi də tamamlanıb. Ekran əsərinin üzərində son işlər isə noyabrda bitəcək. Filmin rejissoru Ülviyyə Könül, ssenari müəllifləri Səidə Vəliyeva və Ramiz Fətəliyev, bəstəkarı Rəşad Həşimovdur.
   Eyni prosesdə olan “İlahi heyvan” filmi Qafqaz dağlarında heyvan saxlayan bir çoban ailəsindən bəhs edir. Rejissoru və ssenari müəllifi Yavər Rzayev olan ekran əsərinin çəkilişləri Quba rayonunun Xınalıq, Qalaxudat kəndlərində və Yardımlı rayonunda aparılıb.
   
   “Buta” və “Bəşəriyyətin xilası” tezliklə hazır olacaq
   
   Rejissoru İlqar Nəcəf olan “Buta” filminin üzərində Rusiyanın Sankt-Peterburq şəhərində səsləndirilmə işləri gedir. Filmin ssenari müəllifi İlqar Nəcəf, operatoru Georgi Beridze, rəssamı Əziz Məmmədovdur. Film sabun istehsal edən şirkətin menecerinin uzaq bir dağ kəndinə düşməsindən danışır. Elə bir kənd ki, burada insanlar qablaşdırılmış, etiketləşdirilmiş sabun görməyiblər. Menecerlə kəndçi qız Qönçə bir-birilərini sevirlər. Böyük şəhərdən gəlmiş bu adam get-gedə həmin kəndin insanlarına oxşamağa başlayır. Çünki kənddə bütün hadisələrin hamısı muncuq kimi bir-birinin ardınca düzülüb. Bu muncuq da əslində xalçadır.
   Keçən il istehsala buraxılan və bu il çəkilişlərinə başlanılan “Bəşəriyyətin xilası” detektiv filminin çəkiliş prosesi davam edir. Rejissoru Elxan Cəfərov, ssenari müəllifi Elza Şamaxinskaya, operatoru Nadir Mehdiyev, rəssamı Fikrət Ələkbərovdur. Film Azərbaycanın elmi-tədqiqat institutlarından birində kimyaçı alimin yeni kimyəvi məhlul əldə etməsindən danışır. Alim bu kimyəvi məhlulun müsbət və mənfi nəticələrini araşdırır. Onun köməyi ilə insanın yaddaşının müəyyən bir hissəsini silib ondan neqativ işlərdə də istifadə etmək olar. Eyni zamanda bu yolla insaniyyəti narkomaniya və alkoqolizmdən də uzaqlaşdırmaq mümkündür. “Bəşəriyyətin xilası” filmi gələn ilin yanvar ayında hazır olacaq.
   
   Daha üç film 2011-ci ilin əvvəlində tamamlanacaq
   
   Üzərində tamamlanma işləri aparılan digər film isə “Qardaşdan yaxşısı yox imiş” adlanır. Rejssoru Murad İbrahimbəyov, ssenari müəllifləri Maqsud İbrahimbəyov və M.İbrahimbəyovdur. Filmin çəkilişləri İçərişəhərdə, Buzovnada, Şəkidə, Sibirdə və Bolqarıstanda aparılıb. Ekran əsəri Maqsud İbrahimbəyovun “Qardaşdan yaxşısı yox imiş” hekayəsi əsasında lentə alınıb.
   Bu il istehsalata buraxılan “Tərsinə çevrilmiş dünya” (rejissor Ənvər Əbluc, ssenari müəllifi Çingiz Abdullayev) və “Qisas almadan ölmə” (rejissor Oqtay Mirqasımov) filmlərinin üzərində də çəkiliş prosesi davam edir. Bu filmlər 2011-ci ilin fevral ayına qədər hazır olacaq.
   
   “Mən evimə qayıdıram”  və “Onun ürəyi”
   
   Müşfiq Hətəmovun bildirdiyinə görə, “Vətən and yerimizdir” müsabiqəsinin qalibi olan İsmayıl Səfərəliyevin “Mən evimə qayıdıram” (rejissor Şamil Əliyev) filminin üzərində hazırlıq işləri (ssenarinin təkmilləşdirlməsi və çəkiliş qrupunun təyin edilməsi) gedir. “Onun ürəyi” (rejissor Samir Kərimoğlu) filminin isə ikinci çəkilişlərinə bu yaxınlarda başlanılacaq.
   Qeyd edək ki, bu il Mədəniyyət və Turizm Nazirliyi gənc rejissorlar (35 yaşadək) üçün növbəti, sayca 4-cü “Bu meydan, bu ekran” müsabiqəsini keçirdi və müsabiqədə üç layihə qalib oldu. Burada çəkiləcək filmlər də artıq istehsalata buraxılıb. “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzində “Gözlərimə gün düşür”, “Cinema Evi” MMC-də “Atamı çox sevirəm”, “Ayan-Z” MMC-də isə “Günəşdə ləkələr” layihələri ekranlaşdırılacaq. Qısametrajlı və video formatda olacaq filmlərin hazırda ssenariləri üzərində iş getməklə yanaşı çəkiliş qrupu da müəyyənləşdirilir.   

 İntiqam Hacılı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar