Oktyabrın 7-də Muzey Mərkəzinin qalereyasında gənc rəssam Fidan Əliyevanın “Günəşə doğru” adlı ilk fərdi sərgisinin açılışı oldu. Mədəniyyət və Turizm Nazirliyi və Muzey Mərkəzinin birgə təşkil etdiyi tədbirdə rəsmilər, sənətsevərlər, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak edirdi.
Mərasimdə Mədəniyyət və Turizm Nazirliyinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov rəssamın yaradıcılıq axtarışlarından söhbət açdı. Bildirdi ki, gənc olmasına baxmayaraq, məzmunlu rəsm əsərləri ilə diqqətçəkən Fidan Əliyevanın fərdi sərgisi həm də onun ilk yaradıcılıq hesabatıdır.
Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov gənc rəssamın sənət dünyasından, incə bədii duyğularından, rənglərlə həssas davranışından bəhs etdi, ona gələcək yaradıcılığında uğurlar arzuladı.
Rəssamlar Cəsar Məmmədov və Rəşad Ələkbərov da F.Əliyevanın əsərləri haqqında ürək sözlərini bildirdilər, onun bundan sonra daha yetkin əsərlərlə tamaşaçıları sevindirəcəyinə inandıqlarını söylədilər.
Sonra gənc rəssam Fidan Əliyeva çıxış edərək sərginin təşkilatçılarına və açılış mərasimində iştirak edənlərə minnətdarlığını bildirdi, yaradıcılıq axtarışlarını davam etdirəcəyini söylədi.
Sərgidə rəssamın əsərlərinin yer aldığı kitab-kataloq da təqdim olundu. Kitaba sənətşünas Fərəh Əliyeva və rəssam Teymur Daimi ön söz yazıblar.
Mütəxəssislər qeyd edir ki, 40-dan çox əsərin müəllifi olan gənc rəssam rəng çalarlarını çox yüksək həssaslıqla hiss edərək, daha parlaq çalarlarla işləməyə üstünlük verir. Yaradıcılıq yolunun ilk tabloları akademik üsluba daha yaxındır. Sonrakı mərhələnin yağlı boyaları daha azad tərzli, yüngül cizgiləri, impressionistik üslubu ilə seçilir. İstifadə olunan rəng palitrası daha zəngin, bəzən isə təzadlar üzərində qurulub.
Fidanın əsərlərinin təhlili onların birmənalı olaraq avanqard cərəyanın müxtəlif istiqamətlərini əks etdirdiyini bildirir. Onların sırasında həm impressionistik, ekspressionistik, həm də abstraksionizm cərəyanlarını əhatə edən əsərlər var.
Rəssam yaradıcılıq yolunun başlanğıcındadır, fərdi üslub axtarışındadır. Onun seçdiyi mövzular genişdir - gülləri və yetişmiş meyvələri təsvir edən natürmortlar, ətirli yay və payız mənzərələri ilə əvəzlənir. Bu tablolara baxarkən rəssamın hislərini ifadə etmək üçün fərqli yollar axtarışında olduğunu qeyd etmək gərəkdir.
Qeyd edək ki, F.Əliyeva 1996-cı ildə Bakıda anadan olub. Azərbaycan Diplomatik Akademiyasının İctimaiyyətlə əlaqələr fakültəsinin tələbəsidir. Hələ məktəb illərindən sərgilərdə iştirak edib. Ayrı-ayrı dövrlərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində fərdi rəsm dərsləri alıb, Əməkdar rəssam Sakit Məmmədovun emalatxanasında təcrübə, o cümlədən Londondakı Müqəddəs Martin adına İncəsənət və Dizayn Kollecində təsviri sənət kursu keçib.
Sərgi ayın 13-dək davam edəcək.
S.Qaliboğlu