TÜRKSOY-un “Rəssamlar görüşü” 19-cu dəfə təşkil olunub

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un ənənəvi layihələrindən biri də hər il təşkil edilən "Rəssamlar görüşü” sənət emalatxanası layihəsidir.
Oktyabrın 10-da sayca 19-cu layihəyə start verilib. Bu dəfə türk xalqlarının rəssamları Türkiyənin Malatya şəhərində bir araya gəliblər.
Malatya Böyükşəhər Bələdiyyəsinin ev sahibliyi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə gerçəkləşən TÜRKSOY “Rəssamlar görüşü” türk respublikalarının müstəqilliyinin 25 illiyinə həsr olunub.
Təsviri sənət emalatxanasına 19 ölkə və diyardan 21 rəssam qatılıb. Onlar 12 gün boyunca Malatyanın tarixi məkanlarını, təbii gözəlliklərini, eləcə də öz təxəyyüllərinin məhsulunu kətan və kağız üzərinə köçürəcək, sənət və təcrübə mübadiləsi aparacaqlar.
Hər il olduğu kimi, bu dəfə də rəssamlar görüşü ev sahibi bölgənin tanıdılmasına, təbliğinə bir vəsilə olacaq.
Qeyd edək ki, 1997-ci ildən bəri TÜRKSOY-un reallaşdırdığı bu layihədə ümumilikdə 300-dən çox rəssam bir araya gəlib, sənət görüşlərində 1200-dən çox əsər ərsəyə gətirilib. Bu rəsmlərdən tərtib edilmiş sərgilər Nyu-Yorkdan Tehrana, Florensiyadan Rabata - 27 fərqli ölkənin 100-ə yaxın şəhərində sənətsevərlər ilə görüşüb.
21 oktyabrda başa çatacaq Malatya görüşünün də yekunu olaraq sərgi təşkil ediləcək.

Mehparə Sultanova
Ankara