Yaradıcılıq müsabiqəsinin nəticələri açıqlandı

Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin dəstəyi, “Rəsm” zərgərlik brendinin təşkilatçılığı ilə keçirilən “Mənim rəsmim” adlı yaradıcılıq müsabiqəsinə yekun vurulub. Oktyabrın 17-də “Park Bulvar” ticarət və əyləncə mərkəzində keçirilən mərasimdə müsabiqənin nəticələri açıqlandı.
“Mənim rəsmim” yaradıcılıq müsabiqəsi milli naxışlara və ornamentlərə olan marağın artırılması məqsədi daşıyır.
Tədbirdə çıxış edən layihənin rəhbəri Rəsminə Qürbətova bildirdi ki, qısa zamanda müsabiqənin böyük maraq doğurması milli irsimizə və dəyərlərimizə sevginin göstəricisidir: “Müsabiqənin məqsədi balaca fırça ustalarının və gələcək dizaynerlərin ornamentlərə maraqlarını artırmaq, milli naxışlarımızın tarixi dəyərlərini gələcək işlər üçün ilham mənbəyinə çevirməkdən ibarətdir”.
Sonra yaradıcılıq müsabiqəsinin qalibləri elan olundu.
Qeyd edək ki, müsabiqədə 6-15 yaşlı uşaqlar iştirak edib. İştirakçılar arasından 3 yaş kateqoriyasının (6-8, 9-12, 13-15) hər biri üzrə qaliblər seçilib. Qaliblər diplom və hədiyyələrlə mükafatlandırıldı. Müsabiqənin bütün iştirakçılarına xatirə hədiyyələri təqdim olundu.