Şagird və tələbələr beynəlxalq festivalda iştirak ediblər

Bakı Xoreoqrafiya Akademiyasının şagird və tələbələri Serbiyanın paytaxtı Belqradda 47-ci Beynəlxalq uşaq festivalında iştirak ediblər. “Avropanın sevinci” devizi altında keçirilən festival fizika və elektrotexnika sahəsində tanınmış alim Nikola Teslanın 160 illiyinə həsr olunub. İştirakçılar rəqs, musiqi, rəsm və multimedia sahəsində bacarıqlarını nümayiş etdiriblər.
Bakı Xoreoqrafiya Akademiyasının müəllimi, Xalq artisti Yusif Qasımovun rəhbərlik etdiyi gənclərimiz milli və rəqs geyimlərində şəhərin mərkəzi küçəsi boyu karnavalda, Belqrad Uşaq mədəniyyət mərkəzindəki konsert proqramında, 18-ci Beynəlxalq təsviri sənət müsabiqəsində və qala-konsertdə çıxış edib, televiziya proqramının qonağı olublar.
18 ölkədən istedadlı gənclərin qatıldığı festivalda uğurlu çıxışına görə Bakı Xoreoqrafiya Akademiyasının şagird və tələbələri diplomlarla mükafatlandırılıb.

“Peşəyönümlü fəaliyyətin təşkili və inkişafı” mövzusunda seminarlar

Bakı Xoreoqrafiya Akademiyasının kollec və ali təhsil pilləsinin bakalavriatura və magistratura səviyyələrinə tələbə qəbulunun yüksək səviyyədə aparılması üçün respublikanın regionlarında “Peşəyönümlü fəaliyyətin təşkili və inkişafı” mövzusunda seminarlara start verilib.
Akademiyanın İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əbülfəz Babazadə və tədris ocağının müəllimi, Xalq artisti Yusif Qasımov 11-12 oktyabr tarixində Xızı, Şabran, Quba və Xaçmaz rayonlarında seminar keçiblər. Milli rəqslər kafedrasının müdiri, Əməkdar artist Sənan Hüseynli ilə birgə daha bir seminar isə 14-15 oktyabr tarixində Şamaxı, İsmayıllı, Qəbələ rayonlarında gerçəkləşib.
Seminarlarda müvafiq rayonların Mədəniyyət və Turizm şöbələrinin əməkdaşları, mədəniyyət müəssisələrinin rəhbərləri, incəsənət və musiqi məktəblərinin müəllim-şagird heyəti iştirak edib. Seminarlara multikultural dəyərlərin təbliği məqsədilə ayrı-ayrı rayonlarda yaşayan azsaylı xalqların istedadları və kollektiv rəhbərləri də cəlb olunub.
Akademiyada tədris prosesi, əldə olunan nailiyyətlər haqqında geniş məlumat verilib. Qeyd olunub ki, Bakı Xoreoqrafiya Akademiyası MDB məkanında təhsilin bütün pillələrini ehtiva edən ən unikal təhsil müəssisəsidir. Cari tədris ilində ali təhsil pilləsinin xoreoqrafiya ixtisası ilə yanaşı sənətşünaslıq, teatrşünaslıq, menecment və instrumental ifaçılıq ixtisaslarına qəbul həyata keçirilib. Növbəti tədris ilində ixtisas saylarının artırılması və musiqişünaslıq, xalq çalğı alətləri ifaçılığı, rəqs müəllimliyi, musiqi müəllimliyi və rejissorluq kimi ixtisasların açılması planlaşdırılır. Seminarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.