Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə 3 nömrəli Uşaq incəsənət məktəbində Xalq rəssamı Lətif Kərimovun anadan olmasının 110 illik yubileyinə həsr edilmiş sərgi keçirilib. Sərgidə məktəbin rəssamlıq şöbəsi şagirdlərinin əl işləri yer alıb.
Tədbirdə Lətif Kərimovun həyat və yaradıcılığı haqqında məlumat verilib və videomateriallar nümayiş etdirilib.
Bildirilib ki, Lətif Kərimov Azərbaycan xalça sənətinin əsas istiqamətlərini müəyyənləşdirib və elmi əsasını qoyub. O, Azərbaycan xalçalarının təsnifatını verərək, yeddi xalça məktəbini (Quba, Şirvan, Bakı, Qazax, Gəncə, Qarabağ, Təbriz) müəyyən edib və bu məktəblərin səciyyəvi xüsusiyyətlərini göstərib. Eyni zamanda, unudulmuş, itirilmiş milli ornamentlərin, kompozisiyaların bərpa edilməsinə, xalq ənənələrinin zənginləşməsinə öz töhfəsini verib. “Azərbaycan xalçası” kitabında o, milli xalçaçılığa dair bütün bilikləri, müxtəlif ornamentləri, kompozisiyaları bir yerə toplayıb.
Tədbirdə tanınmış xalçaçı-rəssam Eldar Mikayılzadə və Xalq rəssamı Arif Hüseynov Lətif Kərimovla bağlı xatirələrini bölüşüblər.