2010-cu ilin yanvar ayında Mədəniyyət və Turizm Nazirliyi 2011-ci ildən istehsalata buraxılacaq filmlər üçün sinopsis müsabiqəsini elan etdikdən sonra nazirliyin Kino üzrə Ekspert Şurasına 78 bədii filmin sinopsisi təqdim edildi.
I tur seçimimdən sonra 78 sinopsisidən 11-i (“Yüksək gərginlik altında” - Asif Rüstəmov, “Şərq xalçası” - İlham Rəhimov, “Dolu” - Aqil Abbas, “Çölçü” - Vidadi Həsənli, “Mənim zolaqlı dostum” - Adil Ələkbərov, “Caz şəhəri” - Leyla Əfəndiyeva, “Köhnə ev” - Mənsur Yusifov, “Alagöz” - Əliağa Məmmədov, “Kəndirbazın şəhəri” - Yavər Rzayev, “Teatr meydanı” - X.Abdullayev, E.Alıyev, N.Bədəlov, “Proses” - Rüstəm İbrahimbəyov,) növbəti mərhələyə keçdi.
Ekspert Şurası müsabiqənin şərtlərinə uyğun olaraq II turda 11 sinopsisə ədəbi ssenarilərin yazılmasını qərara aldı.
Mədəniyyət və Turizm Nazirliyinin Filmlərin təbliği və qeydə alınması sektorunun müdiri Yusif Şeyxovun bildirdiyinə görə, artıq II turda qəbul olunan 11 sinopsisdən 9-nun bədii ssenarisi yazılıb və göstərilən tarixədək Ekspert Şurasına təhvil verilib: “Hazırda Ekspert Şurası 9 tammetrajl bədii filmin ssenarisini oxuyur. III tura neçə bədii ssenarinin keçməsinin dəqiq rəqəmi göstərilməyib. Ssenarilər oxunduqdan sonra keyfiyyətli layihələr qəbul ediləcək”.
Y.Şeyxovun sözlərinə görə, əgər hamısı da maraqlı olsa, Ekspert Şurası tərəfindən bütün ssenarilərə “hə” deyiləcək və yaxud da ola bilsin ki, yalnız 2 ssenari qiymətləndirilsin: “Yəni burada hər şey ssenarilərin keyfiyyətindən asılı olacaq”.
Ssenarilərin hamısının qəbul olunacağı təqdirdə isə “Ssenari portfeli” yaradacaqlarını vurğulayan sektor müdiri əlavə etdi ki, bu zaman filmlər eyni ildə çəkilməyəcək: “Əgər ssenarilərin sayı çox olsa, onda onlar 2011-ci ildən başlayaraq mərhələli şəkildə istehsalata buraxılacaq”.
İ.Hacılı