Doğrudan da sərhədsiz yaradıcılıq sanki plastilindir. Ondan hərə bir cür fiqur düzəldir. Sərhədli yaradıcılıq isə kasıb komasıdır, bütün oxucular eyni divar daxilində bir-birinə toxunaraq gəzinirlər. “Cinayət və Cəza” romanı haqqında Mixail Mixailoviç Baxtinin, D.Merejkovskinin, Məmməd Qocayevin və başqa tanınmış alim və yazıçıların araşdırmalarını oxumuşam. Amma əsər o qədər aspektiv və çoxşaxəlidir ki, bütün oxucuların həm də bir-biri ilə, həm də alimlərlə, hətta özləri ilə razılaşmadığı məqamları görmüşəm. Bu əsər sanki Dostoyevskinin masasının üstündəki şamdır, kim oxuyursa onun otağında yanır. Universitetdə tələbə yoldaşlarımdan biri deyir ki, əsəri beş dəfə oxumuşam, amma yenə oxuyacağam. Dostoyevskinin “Cinayət və Cəza” əsərini çoxdan oxumuşam, amma əsərin daxili aləmimdəki tüğyani suallarını hələ də həll edib qurtara bilməmişəm. Əsərin sehrindən yamanca sehrlənərək bir neçə qənaətim, suallarım, cavablarım oldu:
   Suallar:
   1) Raskolnikovu Napaleon olmağa Sonya, cəmiyyət, genetik kod, düşdüyü mühit, qarının tövrü və cəmiyyətdəki imici, yoxsa daha sadalamadığım şeylərdən hansı qatil etdi?
   2) Raskolnikov qarını əvvəllər də tanıyırdı, amma heç vaxt niyə bu cinayət haqqında düşünməmişdi?
   3) Raskolnikov yolda Marmaledovla qarşılaşıb ona qulaq asmasaydı, o necə yaşayardı?
   Cavablar:
   1) Məncə, Raskolnikovu qatil etmədilər, o, qatil yaradılmışdı. Mühit isə, sadəcə, qətli törətməkdə ona cüzi zəmin yaradır. Napaleonluq ona genetik, nəsillərdən gəlmə idi. Çünki o, çətinə düşən kimi, əzabı dadan zaman çıxış yolunu qatil olmaqda görür. Raskolnikovda hökmdarlıq istəyi var idi, cəmiyyət bütün bədbəxtliyinə rəğmən xoşbəxt idi ki, Raskolnikov bu əzablardan sonra cəmiyyətdə yüksək bir yer tapa bilmədi. Əgər tapsaydı, bəlkə də cəmiyyət üçün daha faciəvi ola bilərdi. “Uzun sürən böyük əzablar insanda tiranlıq tərbiyə edir” (F. Nitşe).
   2) Məncə, insan daim potensial qatildir. Onu buna sövq edəcək adam - Sonya lazımdır. Uşaqkən biz dalaşanda bir-birimizi öldürmək istəyirik və bir-birimizlə düşünmədən, əzazilcə dalaşırıq. Əgər biz uşaqkən böyüklərin gücünə sahib olsaq, on yaşımıza kimi ən azı beş cinayət törətmiş olardıq. Böyüyərkən isə dalaşarkən ehtiyatlı oluruq. Özümüzü, özgəni, həbsxana həyatını düşünürük. Raskolnikovu əzablar alçaldıb, uşaqlaşdırıb və o dava zəminində ancaq öldürməyi düşünür. O, qarının qızıllarını oğurlaya da bilərdi. Amma bunu etmir. Raskolnikov Kafkanın “Çevrilmə” əsərindəki Qriqor Zamza kimi çevrilir, dəyişir. Qətldən sonra o, dünyanı dərk edir. Adi insandan ali insana çevrilir. Cəmiyyətin obrazı ona faş olur. Necə ki, Zamza həşərata çevriləndən sonra anlayır ki, o əslində cəmiyyətdən təcrid olunub. Hətta ən sevdiyi atası, anası belə işləyib pul qazanmadığına görə ondan üz çevirirlər. Raskolnikov doğulduğu gündən qatil idi, Napaleon idi. Amma ona törədəcəyi cinayətin yerini göstərən yox idi. Sonya yox idi...
   3) Raskolnikov Marmaledovu görməsəydi, gününü ancaq tələbə kimi keçirərdi, o ancaq öz dərdini anlayardı. İnsan dərdi kənar gözlə daha yaxşı xarakterizə edə bilir. Ümumiyyətlə, səhvləri insan başqalarında görür, özündə isə təcrübə keçirir. İnsan həm də özünün loru dillə desək, laboratoriya dovşanıdır - onu bir qram tütünlə də öldürə bilər, müalicə edib sağalda da bilər. Ən əsası odur ki, insan özünü həmişə qeyri-şüuri şəkildə təcübə edir. Raskolnikov əslində qarını öldürməsəydi, sıradan bir insan olardı. O əzazil və mərhəmətsiz olacaqdı. Çünki Marmaledovla söhbət edəndən sonra bilir ki, o, acizdir və heç kəsə kömək edə bilməz. Marmaledovla söhbətdən anlaşılır ki, o həmsöhbətinin qeydinə çox da qalmır, ona qarşı biganədir. Əksinə, söhbəti tez qurtarıb aradan çıxmağa cəhd edir. Qarını öldürəndən sonra o, Sonyanı sevir. Əzab vicdanı ütüləyir, müəyyən qaydaya salır. O, qarını öldürəndən sonra Sonyanı xilas etməyə daha çox cəhd edir. İlk dəfə sevir, ilk dəfə insanlara kömək edir. O, cinayəti törədəndən sonra özünə sual verməyə başlayır. Bir dəfə Bakı Slavyan Universitetində dərs zamanı yaxşı yadımda olan bir söz demişdi Rüstəm Kamal: “Ən çətin sual insanın özünə verdiyi sualdır”. Raskolnikov qarını öldürəndən sonra öz-özünə suallar verir. Bu sualların kontekstində özünü açıqlayır, özünü tanıyır. Yunan filosofu Fales yazır ki, “Dünyada ən çətin iş özünü tanımaq, ən asan iş isə başqalarına məsləhət verməkdir”. Raskolnikov bu cinayətdən sonra özünə suallar verir, özünü, dünyanı dərk edir. Bundan sonra o əzəli və əbədi aləmi ələyərək öz həyat qənaətlərini yekunlaşdırır. Raskolnikov qorxmur, ÖLÜMÜ dərk edir. O, bir balta ilə əvvəl qarını və Lizavetanı, sonra özünü, sonra da onun ətrafındakı mühiti öldürür (həm də canlandırır, ruh verir, “Allahlaşır”). Bir daşla üç quş vurur. Üç quş... Bu əsərdə “cinayət” var, amma “qatil” yoxdur. Qatil yoxdur, amma “cəza” var. Yəni bütün oxucular bu “cəza”ya məhkumdurlar. Oxucular dünya durduqca bu əsərin sehrindən qurtula bilməyərək həmin “qatil”i axtaracaqlar. Çünki dünyada heç vaxt əzab bitməyəcək....
   
   Fərid Hüseyn
   
Farid-001@inbox.az