Rasim Cəfərov: “Ən böyük arzum dünyanın nüfuzlu festivallarında Azərbaycana mükafat gətirən filmlərdə çəkilməkdir”
   
   Rasim Cəfərov 1978-ci ildə Bakının Masazır kəndində anadan olub. 6-cı sinfədək əlaçı olan Rasim özünü gələcəkdə vəkil kimi görürdü. Lakin tale onu, elə “Əzizim Fellini” filmindəki kimi, Mədəniyyət və İncəsənət Universitetinə gətirdi. Tələbə vaxtından müxtəlif tamaşalarda rollar ifa etməyə başladı. Pantomima və Gənc Tamaşaçılar teatrlarında bir çox tamaşalarda rol alıb.
   
   Bununla yanaşı, Asif Rüstəmovun "Ev" filmində Anar, Əbdülqəni Əliyevin "Yalançılar" filmində Tahir, İlqar Nəcəfin "Teatral həyat" filmində aktyor, Şamil Nəcəfzadənin "Qala" filmində kepkalı oğlan, Çingiz Rəsulzadənin “Kuklalar” filmində Miki, Murad İbrahimbəyovun “Üç qız” filmində saxta pul satan, Anna Fençenkonun “İtkin düşmüş adam” filmində David və nəhayət, bu yaxınlarda İctimai Televiziyada nümayiş olunan Cavid Təvəkkülün “Əzizim Fellini” bədii televiziya filmində Rasim (Fellini) rollarını ifa edib.
   Onun fikrincə, aktyor rolu, sadəcə, oynamağa çalışmamalıdır, əksinə, rolu özününküləşdirməyi bacarmalıdır. Bacardığı qədər rejissorun istədiyini icra yox, ifadə etməyə çalışan əsl aktyordur.
   “Tamaşaçıların məni daima eyni xarakterli rollarda görməsini istəməzdim. Adətən rol təkliflərində ilk öncə rolu öz mənəvi süzgəcimdən keçirirəm. Ötən il Rusiyadan 8 seriyalı bir filmə dəvət almışdım. Lakin ssenari ilə tanış olduqdan sonra filmdən imtina etdim. Rol aktyoru təhqir etməməlidir. Bu mənada bir az ehtiyatlıyam. İfa etdiyim rolların xarakterimlə səsləşməsinə gəldikdə, demək olar ki, bütün rollarda məndən bir parça var. Əgər özümdən o rola bir az da olsa qatmasam, o rol tamaşaçıda süni, quru oyun təəssüratını formalaşdırar. Həyatda da belədir. Biz düşdüyümüz situasiyaya, vəziyyətə uyğun maskanı taxıb oynayırıq. Məncə, heç kim tam səmimi deyil”.   

   Ruhunda “eşələnən” aktyor
  
 
   Aktyor sənəti ruhla bağlı olduğu üçün o daima öz üzərində işləməli, oynadığı rolun xarakterini mənimsəmək üçün mənəvi aləmini, dünyagörüşünü zənginləşdirməlidir. Aktyorun daima axtarışlarda olması rolun daha dolğunluğu deməkdir.
   “Aktyor mənim təxəyyülümdə seçilmiş, ziyalı insandır. Aktyor sənəti, sadəcə, səhnəyə çıxıb camaatı ağladıb, güldürmək deyil. Bəlkə də bu sənət özünü dərk etmək üsuludur. Bu sənət ruhun yaradıcılığıdır. Aktyor bir növ öz ruhunda “eşələnir”, “çapalayır”. O həm də oynadığı rolu özününküləşdirməsi üçün psixologiyanı da yaxşı bilməlidir”.    

   Dünya ədəbiyyatının qəhrəmanlarını oynamaq istəyir
   
   - Dünya ədəbiyyatını çox sevirəm. Adətən oxuduğum əsərlərdə özümə bənzətdiyim qəhrəmanlarla tanış oluram. Ən sevdiyim yazıçılardan biri də A.Kamyudur. Onun "Yad" əsərinin baş qəhrəmanı Müsyö Merso ilə mənim aramda müəyyən oxşarlıqlar var. Nə vaxtsa, onu oynamaq istərdim.
   - Sənətiniz sizi seçim qarşısında qoyub?
   - Sadəcə maddi tərəfdən. Qazanclı iş təklifləri alsam da, bu sənəti atıb gedə bilməmişəm. Aktyorluq “xəstəliyi”nə yoluxmuşam. Bu “xəstəliyin” də müalicəsi yoxdur...
   Onun uğur yolu zəhmətdən, çox oxuyub çox işləməkdən keçir. Uşaqlıqdan rəssamlıqla məşğul olan Rasim uğur zirvəsini yalnız istedadla fəth etməyin mümkün olduğunu deyir. Azərbaycan filmlərində çəkilməklə yanaşı, o, Rusiya rejissorlarının da diqqətindən yayınmayıb.
   Rejissor Anna Fençenkonun "İtkin düşmüş adam" filmində David rolunu ifa etmişəm. Yeri gəlmişkən, bu film Berlin kinofestivalında “Panorama” bölməsində iştirak etdi, Rusiyada “Kinotavr”da ən yaxşı film kimi mükafat aldı. Onların film çəkilişi prosesini bizimkilərlə müqayisə etsək, bir o qədər də böyük fərq gözə çarpmır. Amma orada çəkiliş meydançasında ab-hava çox yaradıcıdır. Bütün kino heyəti öz işi ilə məşğuldur. Heç kəs heç kimin işinə qarışmır. Hamı film üçün işləyir. Bəzən mənə həddindən artıq göstərilən diqqət və qayğıdan utanırdım...”
   
   “Fellini” rolunu oynamaq istəmirdim
   
   “Əzizim Fellini” filminə dəvət alanda mən əvvəlcə Camal rolunu oynamaq istədim. Lakin rejissor Cavid Təvəkkül Rasim (“Fellini”) rolunun mənim üçün yazıldığını dedi. Sonra razılıq verdim. Rasim, yəni Fellini bir qədər sakit, mübariz olmayan personajdır. Əgər həyatda onun yerində olsaydım, mən elə bir qadınla ailə qurmazdım...Bəlkə də sevərdim. Konkret cavab verə bilmirəm. Həyatdır...”
   
   Kumiri Robert de Niro və arzusu...
   
   “Universitetdə oxuyarkən mənə aktyor kimi ən böyük arzumun nə olduğu barədə sual verərdilər. Həmişə cavab verərdim ki, M.Skorsezenin filmində Robert de Niro ilə birlikdə çəkilmək... Robert De Nironun sənətini xüsusi olaraq sevirəm.
   Ən böyük arzum isə dünyanın ən nüfuzlu, “A” kateqoriyalı festivallarında iştirak edən və Azərbaycana mükafatlar gətirən filmlərdə çəkilməkdir...”
   
   Söhbətləşdi: Yeganə Cansail







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar