XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Səməd Vurğunun (1906-1956) anadan olmasının 110 illiyi münasibətilə Ankarada silsilə tədbirlər keçiriləcək.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Kitabxanası, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi və TÜRKSOY-un təşəbbüsü ilə gerçəkləşən tədbirə noyabrın 15-də TÜRKSOY-un Ankaradakı qərargahında şairin həyat və yaradıcılığını əks etdirən fotolar və kitablarından ibarət sərgilərlə start veriləcək. Sonra Xalq şairi haqqında sənədli film nümayiş etdiriləcək.
“Doğumunun 110 ilində Səməd Vurğun” adlı konfransda Türkiyə və Azərbaycan şair və yazıçılarının, alimlərin, ictimai xadimlərin iştirakı gözlənilir. Tədbirə Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, millət vəkili Nizami Cəfərov, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu, Səməd Vurğunun ev-muzeyinin müdiri Nüşabə Babayeva-Vəkilova, Türkiyənin Qazi, Karabuk universitetlərinin əməkdaşları və digər qonaqlar qatılacaq.
Tədbirdə Əməkdar artist Mehriban Zəkinin ifasında şairin şeirləri səsləndiriləcək.
Noyabrın 17-də Türkiyə Milli Kitabxanasında Səməd Vurğunun həyat və yaradıcılığına həsr edilən foto və kitab sərgisi nümayiş etdiriləcək.
Mehparə Sultanova
Ankara